Rəşad Məcidə ağır itki

12 İyun 2019 10:45 (UTC+04:00)

“525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib.

AzNews.az xəbər verir ki, baş redaktorun nənəsi Balaxanım nənə dünyasını dəyişib. Rəşad Məcid 100 yaşlı nənəsini belə xatırlayıb:

“Mənim Balaxanım nənəm bəy qızıydı.100-ə yaxınlaşırdı. Son bir ayacan özündəydi, yaddaşı yerindəydi. Keçmişdən danışmağı sevərdi. Acılar çəksə də, ailə üzvləri, qardaşı “külak” adıyla güllələnsə də çox vaxt Sovetin, rusun namını verməzdi, - qayda-qanun gətirmişdilər- deyərdi. Bir dəfə nəslin bir qolunun tarixini, yarım saatın içində o qədər dopdolu, dolğun danışdı ki, heyrət elədim. Dedim, nənə, heç Markes belə rəvayət edə bilməzdi. Amma 80 il öncədə adı epizodik keçən bir qadının sonrakı taleyi beynimdə qaldı. Soruşdum, nənə, bəs o Alxaslıdakı qız necə oldu? Bir az da sualımda bəlkə nənəmi sınamaq, hadisələr düyünü içində onu çaşdırmaq, yaddaşına şübhə etmək mərəzi də vardı. Amma cavabından heyrətləndim! Anında reaksiya verdi. O, sonra Sumqayıta köçdü, o oxuyan qızlar var ha, onun törəmələridi!!! Balaxanım nənə yaddaşı və bilğisiylə məni şoka salmışdı.

3 gün öncə itirdik onu. Ruhu şad olsun! İndi yadıma düşür ki, mənim hələ ona nə qədər verilməmiş suallarım qaldl!
... Hərdən “google-map”-də Laçının Ağoğlan kəndində hər daşına can qoyub ucaltdığı, mənim də doğulduğum, uşaqlıq xatirələrimi yaşadan evini tapırdım, uçurulmuş damına, sökülmüş divarlarına baxıb kədərlənirdim. Xalalarım “nənəyə göstərmə, pis olar, evini elə görməsin”- deyirdilər. İndi ruhu yəqin oralardadı, nə çəkir bilmirəm...”

Bahar

AzNews.az