"Bu cür yeniliyə məhz Bakıda keçirilən tədbirdə imza atıldı"

12 İyun 2019 12:02 (UTC+04:00)

"Ölkəmizin xarici ticarət əlaqələrinin inkişafında beynəlxalq əməkdaşlıq müstəsna rol oynayıb".

AzNews.az xəbər verir ki, bu sözləri Ümumdünya Gömrük Təşkilatının "İnformasiya Texnologiyaları, İnnovasiyalar Konfransı və Sərgisi"nin açılış mərasimində çıxış edərkən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

"Əsası milli lider Heydər Əliyev tərəfindən qoyulan və cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uzaq görən və düşünülmüş mütərəqqi siyasət nəticəsində bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi gömrük işinin müasir idarəçilik prinsipləri əsasında təşkilində mühüm nailiyyətlər əldə olunmuşdur.

Ölkəmizin xarici ticarət əlaqələrinin inkişafında beynəlxalq əməkdaşlıq müstəsna rol oynayıb. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin təbirincə desək, dünya təcrübəsi göstərir ki, heç bir ölkədə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail oluna bilməz.

Bu gün Heydər Əliyev mərkəzində keçirilən Ümumdünya Gömrük Təşkilatının ən böyük tədbirinin İnformasiya Texnologiyaları, İnnovasiyalar Konfransı və Sərgisinin burada keçirilməsi heç də təsadüfi deyil. İlk dəfə olaraq həm özəl, həm də dövlət sektorunu öz nəzdində birləşdirən təşkilat ilk dəfə iki tədbiri - Texnologiya və İnnovasiyalar forumunu birləşdirərək vahid bir tədbir çərçivəsində təşkil edib. Bu cür yeniliyə məhz Bakıda keçirilən tədbirdə imza atılması ölkəmizin mötəbər tədbirlərə ev sahibliyi etməsində qazandığı xüsusi rəğbətin və etibarın göstəricisidir".

S.Mehdiyev konfransda beynəlxalq ticarətin təhlükəsizliyini və dayanıqlılığını təmin etmək məqsədi ilə blokçeyn texnologiyalarından, süni intellektdən istifadə kimi məsələlər ətrafında müzakirələrin aparılacağını qeyd edib.

Pərvanə Ağazadə

AzNews.az