Bakıda kitab bayramı keçirildi

4 May 2013 17:23 (UTC+04:00)


Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi və Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə ölkənin 50-dən çox tanınmış nəşriyyatı, kitab evləri və yayım assosiasiyalarının 9 min adda 40 min nüsxədən çox kitabı sərgilənib.

Kitab bayramının açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev Heydər Əliyevin təhsilə, kitaba və mütaliəyə çox böyük önəm verdiyini söyləyib. Nazir müavini vurğulayıb ki, H.Əliyevin prezidentliyi dövründə Azərbaycanda bir çox kitab evləri inşa edilib, dünyanın tanınmış mədəniyyət xadimlərinin iştirakı ilə Azərbaycanda ədəbiyyat günləri keçirilib.

Tədbirdə millət vəkili, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun "Heydər Əliyev ideyalarının zəfər yürüşü" (Azərbaycan və rus dillərində) və yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Zərifə Əliyeva" (Azərbaycan, ingilis, rus və Ukrayna dillərində) kitablarının təqdimatı olub.

Həmçinin, nəşriyyatlar arasında keçirilən Birinci Ümumrespublika "Kitab sənəti" və "Mən niyə naşir olmaq istəyirəm?" müsabiqələrinin qaliblərinin təltif olunma mərasimi keçirilib.

Gün ərzində Bakı Şəhəri Musiqi və İncəsənət Məktəbləri şagirdlərinin ifasında konsert proqramı təqdim olunub, Sabir Rüstəmxanlı, Çingiz Abdullayev və digər yazıçıların oxucularla görüşü təşkil olunub.

AzNews.az