Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviyada səfərdədir

12 İyun 2019 20:44 (UTC+04:00)

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviyada səfərdədir.

Səfər çərçivəsində iyunun 12-də Fuad Muradov Latviya Xarici İşlər Nazirliyinin diaspor məsələləri üzrə parlament katibi xanım Zalna Kalnina-Lukaşeviça və Latviya parlamentinin Beynəlxalq əlaqələr komitəsinin sədri Rixard Kols ilə görüşüb.

Görüşlərdə Azərbaycan və Latviya arasında əlaqələrin inkişafı, ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr, əldə olunan uğurlar barədə söhbət açılıb. Diaspor təşkilatlarının iki xalq arasında münasibətlərin inkişafındakı rolu da görüşdə ətraflı müzakirə edilib. Həmçinin əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov görüşlərdə iştirak edib.

Daha sonra Fuad Muradov Latviya Universitetinin Akademik Kitabxanasında Azərbaycan səfirliyinin nəzdində yaradılmış Azərbaycan Mədəniyyət-İnformasiya Mərkəzi-Azərbaycan guşəsində olub. Sədr, həmçinin “Ocaq” cəmiyyətinin nəzdində yaradılmış Azərbaycan dilinin tədrisi məktəbinin fəaliyyəti ilə də tanış olub. Görüşdə “Ocaq” cəmiyyətinin sədri, Latviya Respublikasının Prezidenti yanında Milli Azlıqlar üzrə Dövlət Komissiyasının sədri Roman Əliyev də iştirak edib.(AZƏRTAC)

AzNews.az