Donald Tuska nə deyək?..

13 İyun 2019 08:32 (UTC+04:00)

Donald Tuskun da səfərinin vaxtı məlum oldu. İlkin məlumatlara görə Avropa yetkilisi iyulun 9-da Bakıya səfər edəcək.

Doğrusu, bu səfər bizim diqqətimizi cəlb etməzdi, əgər bir məsələ olmasaydı. Məlum olduğu kimi, bir neçə ildir ki, Azərbaycanla Avropa Birliyi arasında imzalanacaq saziş üzərində iş gedir. Güman edilirdi ki, bu saziş yazda imzalanacaq, amma alınmadı. Prosesin payızda başa çatacağını dedilər, hərçənd, burada tam yəqinlik yoxdur, mümkündür ki, imzalanma prosesi payızda da baş tutmasın və səbəbinə bir azca aşağıda toxunacağıq.

Tuskun səfərinin də əsas hissəsi güman ki, sözü gedən saziş ətrafındakı müzakirələrə həsr olunacaq.

Nə edək? Necə edək ki, həm Avropa razı qalsın, həm də biz? Doğrusu, məsələ ilə bağlı ən ziddiyyətli fikirlər səslənir.

Məsələn, deyilir ki, Avropa Birliyilə imzalanacaq saziş bizə problemdən savayı heç nə vəd etmir, çünki onu imzalasaq Rusiya ilə münasibətlərdə ən yaxşı halda soyuqluq yaranacaq, axı Kreml öz keçmiş “satellit”lərinin Avropa ehtiraslarını elə də təqdir etmir...

Hətta belə fikir səslənir ki, bunun əvəzində gəlin Avrasiya İqtisadi Birliyinə daxil olaq; bununla həm Rusiyanı razı salarıq, həm də Dağlıq Qarabağı qaytararıq.

Nə demək olar? Rusların belə deyimi var ki, cəhənnəmə yol xoş niyyətlərdən keçir. Birincisi, Avrasiya İqtisadi Birliyi bir neçə ildir ki, fəaliyyət göstərir və bu bir neçə ildə bu ölkələrin qazancı Nur-Sultanda keçirilən yubiley sammitində qazax lideri N.Nazarbayevin payladığı orden oldu, amma o da hamıya çatmadı – Ermənistanın baş naziri boynu bükük, pərt halda, ordensiz-filansız tələm-tələsik sammiti tərk edib evinə dönməli oldu...

İkincisi, Avrasiya İqtisadi Birliyilə Qarabağ qayıtsaydı, vallah, hamıdan çox biz buna səslərdik. Məsələ də ondadır ki, belə şey yoxdur.

Üstəlik də ölkənin bir hissəsini “qaytarmaq” üçün onu bütövlükdə boyunduruğa keçirsək bizə gülməzlərmi? Həm də dəfələrlə yazmışıq ki, Avrasiya Birliyi ölü doğulmuş uşaq kimidir, bundan bir fayda görünmür və güman ki, olmayacaq da.

Düzdür, ruslar bura digər ölkələri cəlb edib nəsə bir dinamika yaratmaq istəyirlər. Məsələn, nəzərlərini Çinə dikiblər ki, bəlkə “səmaaltı imperiya” bu amorf və cansız Birliyə bir nəfəs verdi. Di gəl, düşünürük ki, Çin də hamıdan çox öz faydasını düşünür və onun üçün də bu region daha çox özünün keyfiyyətsiz malları üçün bazar kimi cəlbedici görünür.

Avropa Birliyindən söhbət gedəndə Qitədəki mərkəzdənqaçma tendensiyalarını yada salanlar da az deyil. Burada da əlbəttə ki, məntiq var. Xüsusən də Avropa Parlamentinə son seçkilər zamanı populist sağçıların hiss olunacaq dərəcədə dirçəlməsi müəyyən təşviş üçün heç şübhəsiz, əsas yaradır. Amma düşünmürük ki, vəziyyət nə vaxtsa çox dramatik bir şəkil alacaq; insanlar avro-inteqrasiyanın müsbət tərəfini də görüb və ən dramatik halda pozitiv tərəflərin böyük əksəriyyəti qalacaq, çünki bir çox şeylər, necə deyər, zamanın tələbi kimi meydana çıxıbdı və indi hansısa əyalət hislərinin təsiri altında avropalılar bunların hamısından imtina etsələr, sözsüz ki, bu, ən azı çox anlaşılmaz olar...

Şərq Tərəfdaşlığı proqramının iştirakçılarının hamısı AB ilə saziş imzalayıb, yalnız Azərbaycan və Belarus qalıb. Bütün hallarda heç kim demir ki, sazişin bizə böyük ziyanı oldu. Getdikcə pozitiv detallar haqda daha çox söhbətlər olur, nəinki neqativ cəhətlər barədə. Əlbəttə, burada da avroskeptiklər, Avropaya inteqrasiyanı təqdir etməyənlər Ukraynanı misal gətirirlər.

Bilirsiniz, Ukrayna təkcə ona görə cəzalandırılmadı ki, o, Avropaya üz tutdu, ona görə cəzalandırıldı ki, Rusiyanın çətiri altından çıxıb müstəqil olmaq istədi. Bu, nə vaxtsa olacaqdı. Şəxsən bizə təəccüb gəlir ki, bu illər ərzində Kiyevin dövlət və hökumət adamları Moskvanın mümkün təzyiq istiqamətlərini müəyyənləşdirə bilməmişdilər, halbuki bunu etmək olardı və bəlkə də nəyinsə qarşısı alınardı...

İndi buna yalnız təəssüf etmək qalır. Həm də belə bir detal da var ki, əgər bu gün Ermənistan fəndgirlik edib Avropa ilə saziş imzalayırsa, biz niyə bu addımı ata bilməyək?

O ki qaldı lap əvvəldə dediyimiz məsələyə, Avropa Birliyinin guya bizim ərazi bütövlüyümüzə dəstək verməməsinə, bunun nə dərəcədə doğru olduğunu dəqiq bilmirik. Ən azı ötən illər ərzində Avropa Birliyi də problemə digər böyük təşkilat və dövlətlərdən, xüsusən də həmsədr ölkələrdən fərqli münasibət nümayiş etdirməyibdi; Avropa rəsmiləri də daim problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacib olduğunu deyiblər...

Əgər indi bizimlə Avropanın arasından “qara pişik” keçibsə, bu məsələni də yoluna qoymaq olar, əlbəttə ki, intensiv müzakirələrlə. Bütün hallarda biz Avropa Birliyi kimi böyük bir qurumun məsələyə baxışına qətiyyən biganə qala bilmərik.

Sonda kiçik bir ştrixi qeyd etmək istərdik. Azərbaycan dünyada iki –üç dövlətdən biridir ki, Dünya Ticarət Təşkilatının üzvü deyil. Demirik ki, bura üzv olmamaqla çox itirmişik, digər ölkələr bizdən çox qabağa gedib. Amma hər dəfə Dünya Ticarət Təşkilatından söhbət düşəndə bura üzv olmayan iki-üç ölkənin adı çəkilir və bunlardan biri də Azərbaycandır. Eyni mənzərə Şərq Tərəfdaşlığı Proqramında yaranıbdır. Soruşurlar ki, kim Avropa Birliyi ilə saziş bağlamayıb? Cavab verilir ki, Bakı və Minsk! Razılaşaq ki, heç də ürəkaçan siyahı deyil...

Hüseynbala Səlimov