AXCP-nin iclasına hücum edildi - VİDEO

5 May 2013 11:44 (UTC+04:00)
Şəkidə müşavirə keçirmək istəyən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri ilə polis arasında qarşıdurma yaşanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə AXCP mətbuat xidmərinin rəhbəri Natiq Ədilov "Facebook" vasitəsilə məlumat yayıb və "Youtube" portalına video yerləşdirib. Məlumata görə, polisin müşavirəyə basqın etməsi nəticəsində insident yaranıb və qarşıdurmaya çevrilib.

AXCP rəhbərliyi Şəki rayonunda partiya üzvləri ilə görüş keçirərkən, polis qüvvələri və mülki geyimlilər müdaxilə edib, AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli və AXCP Şəki rayon təşkilatının sədri Əli Abdullayev polis bölməsinə aparılıb. Azadliq.info xəbər verir ki, görüş Əli Abdullayevin həyətində təşkil olunub. Polislər və mülki geyimlilər onun həyətinə basqın edərək iştirakçıları bayıra çıxarıb, tədbirin keçirilməsinə imkan verməyiblər.

AXCP sədrinin müavini Gözəl Bayramlı, mətbuat xidmətinin rəhbəri Natiq Ədilov, Gənclər Komitəsinin koordinatoru Nihad Hüseyn və Qadınlar Şurasının üzvü Nüşabə Atakişiyeva da görüşdə iştirak edib.

Həyətə basqın edənlər onlara da qarşı zorakılıq nümayiş etdiriblər.

Məlumata görə, Şəkidə cəbhəçilərə qarşı təxribat hazırlanır. Xüsusi hazırlanmış şəxslər cəbhəçiləri yumurta atəşinə tutamaq üçün səfərbər olunub.

Hazırda cəbhəçilər Əli Abdullayevin mənzilində toplanıblar. Lakin polislər mənzil sahibinin həyətinə giriblər və ondan qonaqları çıxarmağı tələb edirlər.

Xatırladaq ki, bundan əvvəl də Sabirabadda polislər və mülki geyimlilər AXCP-nin yerli şöbə fəalının həyətinə basqın edib, partiyanın toplantısını dağıtmışdılar.

AzNews.az