"Putinlə ilk görüşdə deyəcəyəm ki..." - Zelenski

18 İyun 2019 17:20 (UTC+04:00)

Almaniyanın “Bıld” qəzetinin əməkdaşı Vladimir Zelenskinin Almaniya kansleri Angela Merkellə görüşü ərəfəsində ona bu məzmunda bir neçə sual verib: "Televiziya prezidenti" necə real prezidenti oldu, Ukrayna NATO və Aİ-yə üzv olacaqmı, antirusiya sanksiyalarını ləğv etməyin mənası varmı, Donbas və Krımda sülhə necə nail olunmalıdır?”.

AzNews.az inosmi.ru-ya istinadən Ukraynanın yeni prezidentinin cavablarını sizə təqdim edir:

"Bild" qəzetinin müxbirinə müsahibəsi zamanı Ukraynanın yeni prezidenti Vladimir Zelenski iki il əvvəl Berlinə səfərini xatırladı. O, ingiliscə "Tirgarten möhtəşəm idi" dedi. Çərşənbə axşamı, iyunun 18-də Zelenski ilk dəfə Ukrayna Prezidenti seçildikdən sonra Almaniyanın kansleri Angela Merkellə görüşüb.

Bıld: cənab Prezident, Berlində Almaniya kansleri Angela Merkel ilə görüşürsünüz. “Televiziya prezidenti" Zelenski necə oldu ki, Ukraynanın real prezidenti oldu?

Ukrayna Prezidenti Vladimir Zelenski: Ukrayna dəyişikliklərə kəskin ehtiyac duyur. 1991-ci ildə ölkənin müstəqillik əldə etməsindən sonra hakimiyyətdə qalan əvvəlki siyasi elita ukraynalıları layiq olduqları həyat səviyyəsi ilə təmin edə bilmədi. Böyük ərazimiz və təxminən 45 milyon sakinimiz var, biz nəhəng iqtisadi və intellektual potensialımızı miras almışıq, lakin biz Avropanın ən yoxsul ölkələrindən biri olaraq qalırıq. Ona görə də xalq belə qənaətə gəldi ki, bütün problemlərin kökü dövlətin idarə olunmasıdır. Bir vaxtlar "Televiziya prezidenti" insanlara ümid verdi, insanlar da ona inandılar. Real Zelenski başa düşdü ki, artıq kənarda qala bilməz, real prezident olmaq üçün əlindən gələni etmək lazımdır. İndi xəyalımı reallığa çevirməyə çalışıram.

- Düşünülmüş Qoloborodko ilə real prezident Zelenski arasındakı fərq nədədir?

- Biz həyatımızda necə yaşamağımızla fərqlənirik, amma eyni dəyərlərimiz var. Mən istəyirəm ki, "xalqın qulluqçusu" serialında onlara verdiyim vədlərin hamısı həyata keçirilsin. Mən korrupsiyanı dayandırmaq, Ukrayna siyasətinə düzgünlük və şəffaflığı qaytarmaq, ölkəni birləşdirmək, sülhü təmin etmək və adi insanların həyat keyfiyyətini yaxşılaşdırmaq istəyirəm. Mən bu məqsədlərə Vasili Qoloborodko kimi eyni səmimiyyətlə çalışıram.

Amma mən velosipedlə işə getmirəm, xüsusən indi, çünki elə bir vəziyyətdəyəm ki, bu, təhlükəli ola bilər. Mən fəxr edirəm ki, kreativ biznes sahəsində uğur qazana bilmişəm. Bundan başqa, real siyasətçi kimi Ukraynanın beynəlxalq tərəfdaşları ilə fəal əməkdaşlıq edəcəyəm. İndi bizim əsas məqsədimiz yeni hökumətimizlə BVF, həmçinin Avropa İttifaqı ilə NATO arasında yaxşı münasibətlər qurmaqdır. İqtisadi prioritetlərimiz – Qanunun işləməsi, valyutanın liberallaşdırılması və özəlləşdirilməsi, torpaq islahatı, vergitutma sistemində dəyişikliklər, biznesə inzibati təzyiqlərin azaldılması və kiçik və orta biznes üçün stimulların yaradılmasıdır.

- Aktyor olaraq yəqin anladınız ki, insanların artıq "klassik siyasətçilərə" səs vermək niyyətləri yoxdur və qlobal tendensiyadan faydalanmaq istəyirlər.

- İstənilən yaxşı aktyor istənilən yaxşı siyasətçi kimi xalqı dinləməli, onun əhval-ruhiyyəsini və istəyini hiss etməlidir. Amma indi dəyişiklik yolunu seçməli və bütün məsuliyyəti öz üzərimə götürməliyəm.

- Bir müddət əvvəl sələfiniz Almaniyadan silah tədarükünə razılıq verilməsini və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini tələb etmişdi. Kanslerdən nə əldə etmək istəyirsiniz?

- Kansler Merkel güclü xarakterə, danılmaz nüfuza və böyük təcrübəyə malikdir. Ukraynalılar ümid edirlər ki, Angela Merkel Avropada və dünyada son dərəcə nüfuzlu siyasətçi olmaqla mənim ölkəmə üzləşdiyimiz problemlərin öhdəsindən gəlməyə kömək edəcək. Biz əminik ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyi bərpa olunana qədər sanksiyalar davam etməlidir. Bizim buraxdığımız dərin struktur islahatlarının həyata keçirilməsində də bizə kömək lazımdır. Bundan başqa, biz enerji sektorunda Ukrayna və bütövlükdə Avropanın enerji təhlükəsizliyinə xələl gətirəcək "Şimal Axını-2" təhlükəsini görürük.

- Siz inanırsınızmı ki, Ukrayna Avropa İttifaqına daxil olacaq və Merkellə görüş zamanı bu mövzunu qaldıracaqsınızmı?

- Ukrayna artıq Avropa ailəsinin bir hissəsidir. Ukrayna Avropaya inteqrasiyaya can atır, çünki xalqımız məhz bunu istəyir. Lakin biz başa düşürük ki, Avropa İttifaqının ümumi iqtisadi, hüquqi, gömrük və rəqəmsal məkanının bir hissəsi olmaq imkanı əldə etmək üçün müəyyən nəticələrə nail olmalıyıq. Mən istərdim ki, Ukrayna elə inkişaf səviyyəsinə çatsın ki, Avropa İttifaqı ölkələri ona İttifaqın bərabər üzvü kimi yanaşmağa başlasınlar. Biz buna nail olmaq üçün nə lazımdırsa edəcəyik.

- Hesab edirsinizmi ki, Ukrayna həqiqətən NATO-ya daxil ola biləcək?

- NATO-nun genişlənməsi regionda təhlükəsizliyin təmin edilməsi üçün güclü alət olub. Demək olar ki, bütün qonşularımız artıq Fransa və Almaniyanın da daxil olduğu bu alyansın üzvüdür. Ukrayna artıq rəsmi olaraq NATO-ya daxil olmaq cəhdlərini bəyan edib. İndi etmək istədiyim ilk şey NATO standartlarını Ukrayna Silahlı Qüvvələrində və bizim təhlükəsizlik sektorunda tətbiq etməkdir. Ukrayna artıq NATO-nun etibarlı tərəfdaşıdır və gələcəkdə biz bu alyansın etibarlı üzvü ola biləcəyik.

- Saksoniya federal torpağının Baş naziri Krechmer Putinlə görüşdü və sanksiyaların yumşaldılmasının lehinə danışdı. Bu barədə nə düşünürsünüz?

- Bu, davam edən müharibə fonunda sanksiyaların ləğvi ilə bağlı müzakirələrin aparıldığı ilk dəfə deyil. Çox güman ki, bu məmurlar bu sanksiyaların hansı məqsədlə tətbiq edildiyini xatırlatmalıdırlar. Mənim mövqeyim aydın və sadədir. Sanksiyalar işğal olunmuş ərazilərin azad edilməsinə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına və insanlarımızın geri qaytarılmasına nail olmaq üçün yeganə vasitədir.

- Əsgərlər Ukraynada ölməyə davam edirlər. Hesab edirsinizmi ki, sanksiyalar sərtləşdirilməlidir?

- Sanksiyalar məqsədlərə nail olmaq, xüsusilə də barışığın təmin edilməsi, Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin bərpası üçün diplomatik vasitədir. Bu alət işləmirsə, mexanizmi genişləndirmək lazımdır.

- Doğrudanmı, Şərqdə müharibə heç vaxt bitməyəcək?

- Bütün müharibələr nə vaxtsa qurtarır. Yaxın zamanlarda əlimizdən gələni edəcəyik ki, vətəndaşlarımızın qətllərinə, əzab-əziyyətlərinə son qoyaq. Biz diplomatlara susmuş silahların fonunda bir daha danışmaq imkanı verməliyik. Mən məhz buna ümid bəsləyirəm. Ümid edirəm ki, Moskvada bizi eşidəcəklər.

- Siz Putinlə ilk dəfə görüşəndə ona nə deyəcəksiniz?

- Donbasla Krımın Ukraynaya aid olmasından başlayaq.

- Məgər Krım artıq Ukrayna üçün itirilmiş deyil?

- Krım Ukraynadır. Və ümid edirik ki, tezliklə onu geri qaytaracağıq. Mən Krımı çox sevirəm. Dəfələrlə orada oldum. Belə gözəl təbiəti və tarixi olan bir yer Ukraynanın unikal bölgəsidir. Mənim üçün Krım həmişə Ukraynanın bir hissəsi olub və olacaq.

- Bu yaxınlarda siz dediniz ki, Ukrayna siyasətini əvvəlki elitadan təmizləmək istəyirsiniz. Ancaq Kolomoyski kimi oliqarxlarla bağlı olan bir neçə adam indi prezident komandasının bir hissəsidir. Niyə?

- Mənim komandam korrupsiya keçmişinə və əvvəlki elitaya mənsub olmayan mütəxəssislərdən ibarətdir. Çünki mən onlarla biznes sahəsində və seçkiqabağı kampaniya dövründə işləmişəm. Onlar etibar edilə biləcəyini sübut edən insanlardır. Onlar oliqarxların və əvvəlki elitanın nümayəndələrinin təsirinə məruz qalmırlar. Onlar Ukraynanın gələcək ideyasına sadiqdirlər, biz bunu tikmək niyyətindəyik. Onlar mənim mövqeyimi bilirlər. Əgər mənim komandamın hər hansı bir üzvünə qarşı şübhə yaranarsa, yaxud kimsə məni gözdən salsa, bizim yollarımız dərhal müxtəlif istiqamətlərdə dağılacaqdır.

- Ukraynanın şərqindən danışarkən, bəzi ukraynalı fəallar sizi işğalçılara "Donbasın təslim edilməsində" günahlandırır, Qərb liderləri isə sizin Minsk prosesindən kənara çıxa biləcəyinizdən qorxurlar. Siz bu münaqişəni necə həll etməyi planlaşdırırsınız?

- Mənim məqsədim populizm deyil, diplomatik alətlərin köməyi ilə sülhü Ukraynaya qaytarmaqdır. İcazə verin, bir daha vurğulayım ki, nə Ukraynanın, nə onun ərazisinin suverenliyi, nə də Ukrayna xalqının taleyi sülh yolu ilə nizamlanmaya dair danışıqlar prosesində əvəzedici sikkə olmayacaq. Mən əlimdən gələni edəcəyəm və bu çətin missiyada öz həmvətənlərimdən və beynəlxalq tərəfdaşlarımdan dəstək almağa çalışacağam. Biz Minsk prosesinin səmərəliliyinə inanırıq. Ümid edirik ki, bu, bizə bir həll tapmağa imkan verəcəkdir. Atəşkəs və məhbusların azad edilməsi barədə razılığa gəlmək üçün onu təzələyirik. Amma biz beş il də gözləyə bilmərik, çünki ukraynalılar hər gün həlak olurlar. Lazım gələrsə, biz hər hansı digər danışıqlar formatlarını nəzərdən keçirəcəyik, istər Norman formatı olsun, istərsə də başqa.

- Hazırda Almaniyada Krım və Donbasdakı əməlləri ilə əlaqədar Rusiyaya qarşı tətbiq edilən sanksiyaları ləğv etməyin lazım olub-olmaması ilə bağlı mübahisələr aparılır, çünki onlar Kremlin davranışına heç bir təsir göstərmirlər. Bu barədə nə düşünürsünüz?

- Bu sual artıq cavab verdiyim sualla sıx bağlıdır. Əlavə edə biləcəyim yeganə məsələ odur ki, sanksiyalar istənilən nəticəni verməsə, onları nəinki ləğv etmək, həm də sərtləşdirmək olar.

Babək Göyüş

AzNews.az