"Prezidentin dediyi söz zaman-zaman həqiqətə çevrilir"

19 İyun 2019 11:08 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev minimum əməkhaqqının artırılması barədə sərəncam imzalayıb. Həmçinin, Prezidentin digər sərəncamı ilə bir çox sahələrdə çalışan şəxslərin maaşları artırılıb.

Sözügedən sərəncamları AzNews.az-a şərh edən millət vəkili Hadı Rəcəbli bu addımı yüksək qiymətləndirdi:

“Minimum əməkhaqqı ilin əvvəlində 130 manat idi. Təsəvvür edin ki, bu sərəncamla minimum əməkhaqqı 250 manata çatdırıldı, yəni demək olar ki, 2 dəfə qaldırıldı. Müəllimlərin, elmi işçilərin, hərbi qulluqçuların və digər strukturlarda çalışan məmurların əməkhaqlarının artılmasına xüsusi diqqət ayrılıb. Ümumilikdə atılan bütün addımlarda vətəndaş ön plana çəkilib. Mən bir məsələni də vurğulamaq istəyirəm ki, parlamanetdə biz hələ bir sıra paket sənədlər gözləyirik. Məsələn Prezidentimizin daha önəmli addımları gözlənilir. Düşünürəm ki, bu addımlar ilin sonuna qədər vaxtaşırı atılacaq və son nəticədə də vətəndaşın güzəranının yaxşılaşmasına xidmət edəcək. Çünki, Prezidentimiz dəfələrlə deyib ki, 2019-cu il sosial müdafiənin gücləndirilməsi ili olacaq”.

Millət vəkili pensiyalarda da artımın gözlənildiyini bildirdi:

"Mən fürsətdən istifadə edib möhtərəm Prezidentimizə öz minnətdarlığımı bildirmək istəyirəm. Sosial müdafiə sistemi ilə uzun illər məşğul olan bir deputat kimi görülən işlərin maştabını dərk edirəm. Sonrakı addımlarda bu özünü pensiyalarda da göstərəcək. Prezident öz çıxışlarında minimum əməkhaqqı və pensiyalar artırılacağını bir müddət öncə bildirmişdi. Bu sərəncamlar göstərir ki, deyilən söz zaman-zaman həqiqətə çevrilir”.

Xəyalə

AzNews.az