“Vladimir Putin ilə canlı yayım” proqramı​ sona çatdı - YENİLƏNİB

20 İyun 2019 19:00 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə növbəti canlı yayım 4 saat 8 dəqiqə davam edib.

17-ci dəfə keçirilən canlı yayıma vətəndaşlardan təxminən 2 milyon sual daxil olub. Prezident ölkə vətəndaşlarının həyat səviyyəsi, səhiyyə, iqtisadiyyat, korrupsiya ilə mübarizə, müasir texnologiyaların inkişafı, biznesə dəstək və digər sahələrə dair 81 sualını cavablandırıb.

Rusiya lideri beynəlxalq məsələlərə, o cümlədən ABŞ-la münasibətlərə, Suriya münaqişəsinin həllinə və digər mövzulara da toxunub. V.Putin Suriya probleminin həllində tərəfdaş ölkələrin, o cümlədən Türkiyə və İranın, habelə Avropa dövlətlərinin dəstəyinə ümid bəslədiyini söyləyib. ABŞ-ın İrana qarşı güc tətbiq edə biləcəyi barədə suala cavabında Rusiya dövlətinin başçısı bildirib ki, bu, region üçün böyük fəlakətə çevrilə, çoxlu sayda insanın qaçqın düşməsinə səbəb ola bilər. Münaqişənin hərbi yolla həllinin nəticələrini hesablamaq belə çətindir. V.Putin qeyd edib ki, İran şiə ölkəsidir: “İslam dünyasında bilirlər ki, bu insanlar öz mənafelərini, ölkələrini müdafiə etmək üçün hər şeyə hazırdırlar”. Rusiya Prezidenti vəziyyətin bu dərəcəyə gəlib çıxmasını arzuolunmaz hesab edib.

Vladimir Putin internetin suverenliyi və yalan məlumatların yayılması problemindən danışarkən bildirib ki, bu məsələ getdikcə daha kəskin şəkil alır. O, bilərəkdən yalan informasiya yayılmasına görə cəzaların sərtləşdirilməsinə hələlik ehtiyac duyulmadığını vurğulayıb.

19.00

Vladimir Putin canlı efirdə ölkə vətəndaşlarının suallarına cavab verir.

***

Rusiya Prezidenti Vladimir Putin bu gün canlı yayımda ölkə vətəndaşlarının suallarını cavablandıracaq.

Rusiya Prezidenti Vladimir Putin artıq 17-ci dəfə canlı yayımda ölkə vətəndaşlarının suallarına birbaşa efirdə cavab verəcək. Moskva vaxtı ilə 12:00-da başlayacaq “Vladimir Putin ilə canlı yayım” proqramını Rusiyanın Birinci kanalı, “Rossiya-1”, “Rossiya-24”, “NTV”, “ORT”, “Mir” telekanalları, “Mayak”, “Vesti FM” və “Radio Rossii” radiostansiyaları yayımlayacaq.

Bu gün saat 10:00-a olan məlumata görə, ölkə başçısına 1,5 milyondan çox müraciət daxil olub. Suallar iyunun 9-dan başlayaraq canlı yayım bitənədək qəbul edilir. Müraciətləri SMS və ya MMS-lə, “Moskva-Putin” mobil əlavəsi, yaxud “moskva-putinu.ru” saytı vasitəsilə göndərmək olar.

Prezident Vladimir Putin ilk canlı yayımı 2001-ci ildə keçirib. (Azərtac)