“Qarabağın qaytarılması prosesində prezidentin vəzifəyə təyin etdiyi şəxslərin - Ramil Usubov, Əli Nağıyev, Vilayət Eyvazov və Mədət Quliyevin yaxşı xidmətləri olacaq”.
Bunu AzNews.az-a açıqlamasında istefada olan polkovnik, Laçın Rayon İcra Hakimiyyətinin sabiq başçısı Akif Səlimov prezident İlham Əliyevin iyunun 20-də imzaladığı kadr islahatları ilə bağlı sərəncamlara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, müxtəlif vəzifələrə təyin edilən şəxslərin hər biri Azərbaycan üçün ölümə gedən insanlardır:
“Dünən verilən kadr islahatları gözlənilən idi. Ramil Usubov, Vilayət Eyvazov, Əli Nağıyev və Mədət Quliyevin timsalında yeni təyinatlar Azərbaycan xalqının ürəyindən xəbər verdi. Onların hər biri ölkə əhəmiyyətli peşəkar kadrlardır. Xalqımız üçün örnək təyinatlardır. Prezidentin seçiminə söz ola bilməz. Bu təyinatlar xalqımız üçün düşərli olacaq. Bu şəxslərin hər biri xalqdan ötrü canını qurban verməyə hazır adamlardır. Qarabağın qaytarılması prosesində bu adamların yeni postlarında öz xüsusi xidmətləri olacaq. Buna əminəm”.
Akif Səlimov sabiq daxili işlər naziri, general-polkovnik Ramil Usubovla 16 il bir yerdə işlədiyini vurğulayıb: “Şəxsən tanıyıram. 1990-ci ildən 2006-cı ilə kimi mən rəis işləmişəm, Ramil Usubovun əsgəri olmuşam. Ən başlıcası, hər biri milli adamlardı, vətənə bağlı, Azərbaycanı sevən şəxslərdir".
Qeyd edək ki, prezident İlham Əliyev iyunun 20-də kadr islahatlarının həyata keçirilməsi məqsədi ilə sərəncam imzalayıb. Sərəncama görə, general-polkovnik Ramil Usubov Daxili İşlər naziri vəzifəsindən azad edilib və Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib. Başqa sərəncamla isə Vilayət Eyvazov Daxili işlər naziri, Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Mədət Quliyev isə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib.
Bahar RÜSTƏMLİ
AzNews.az