"Dünən axşam və bu gün sosial şəbəkədə ən çox paylaşılan xəbər, şərh edilən məsələlərdən biri, bəlkə də birincisi cənab Prezidentin son kadr təyinatlarıdır".
AzNews.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, deputat Sahib Alıyev deyib.
"Jurnalistlərimizin bu haqda çoxlu suallarını nəzərə alaraq və eyni zamanda sosial şəbəkdə bulanıq suyla meydan sulayanların (söhbət bəlli çevrələrə bağlı ana mitinqçilərdən gedir, bəli müxalifət yox, məhz mitinqçilər) son kadr təyinatlarını da dövlət başçımızın maaş və pensiyaların artırılması ilə bağlı sərəncamlarına yanaşmada olduğu kimi öz süni, qərəzli və cılız məntiqlərinə uyğun şəkildə şərh etdiklərini görərək, bir neçə kəlmə də mən öz fikirlərimi bildirmək istəyirəm.
Fikrimcə, bu kadr təyinatlarına ilk növbədə elə əhalinin sosial təminatının yüksəldilməsi yönündəki sərəncamların davamlı olmasının təmin edilməsi üçün atılan addımlardan biri kimi baxmaq lazımdır. Çünki bir ölkədə sabitlik yoxdursa, orada iqtisadi artım ola bilməz, iqtisadi artım yoxdursa, sosial durumun yaxşılaşdırılmasından danışmaq nonsesdir".
Deputat yeni təyinatların digərləri kimi proqnozlaşdırılmadığını və bu barədə heç bir informasiya sızıntısı olmadığını bildirib:
"Bəli, cənab Prezidentin bu bir növ rotasiya xarakterli yeni təyinatları da, digər kadr təyinatları kimi proqnozlaşdırılmamışdı və o haqda heç bir informasiya sızıntısı yox idi. Amma bu qəfilliyin arxasında belə demək mümkünsə, Ulu Öndər Heydər Əliyevdən əxz edilən dəmir məntiqin dayandığını, bütün incəliklərin nəzərə alındığını, hər şeyin ölçülüb-biçildiyini, müəyyən sahələrdə daha effektli nəticələrə aparıb çıxaracağını da görməmək mümkün deyil".
S. Alıyev sözlərinə belə davam edib:
"Başında cənab Prezidentin özünün durduğu Dövlət Təhlükəsizlik Şurası elə bir qurumdur ki, onun katibi əmin-amanlığımızı təhdid edən bütün risklərin qaynaqlarını və zərərsizləşdirmə yollarını dəqiq bilən, geniş dünyagörüşlü bir dövlət adamı olmalıdır. Həm sovet dönəmində, həm də müstəqilliyin ilk illərində insanlarımızın heç də birmənalı yanaşmadıqları bir qurumu hazırda güvənilən, saat mexanizmi kimi dəqiq işləyən, təhlükəsizliyi necə təmin etməsi digər ölkələr üçün də örnək sayılan hüquq-mühafizə orqanına çevirməyi bacaran keçmiş Daxili İşlər naziri Ramil Usubov məhz elə biridir. Yüksək səviyyəli peşəkardır, böyük idarəçilik təcrübəsi var, enerjilidir, diqqətlə izlədiyi mediaya, cəmiyyətə açıqdır, təvazökardır, bir sözlə, əsl dövlət adamına xas keyfiyyətlərin daşıyıcısıdır.
Yeni Daxili İşlər naziri Vilayət Eyvazov və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev onlara rəhbərliyi tapşırılan stukturlarda, yüksək vəzifə tutmuş, uzun müddət iş təcrübəsi olan, orda çalışanların və bütövlükdə cəmiyyətin hörmətlə yanaşdıqları peşəkarlardır ki, bu da heç kimə sirr deyil.
Dövlət sirlərinə çıxışı olan və onun qorunması yollarını artıq yetərincə bilən Mədət Quliyevin Hərbi Sənaye naziri təyin edilməsinin hansı zərurətdən irəli gəldiyi də aydındır.
Bütün bu kadrları birləşdirən və örnək sayıla biləcək bir keyfiyyətləri isə onların yüksək sədaqətliliyi, bu dövlətin yolunda gözlərini belə qırpmadan hər addımı atmağa, hər cür fədakarlığı etməyə hazır olmalarıdır. Hər birinə yeni işlərində uğurlar arzulayıram! Tanrı dövlətimizi və Prezidentimizi qorusun!"
AzNews.az