Romada İkinci Azərbaycan Film Festivalı keçirilir

21 İyun 2019 17:59 (UTC+04:00)

İtaliyanın paytaxtı Romada İkinci Azərbaycan Film Festivalı keçirilir.

Azərbaycanın İtaliyadakı səfirliyindən verilən məlumata görə, festival Heydər Əliyev Fondu, Azərbaycanın İtaliyadakı səfirliyi, Mədəniyyət Nazirliyi, Roma şəhər meriyasının təşkilatçılığı ilə həyata keçirilir.

Festivalın ötən gün baş tutan rəsmi açılışında İtaliyanın dövlət rəsmiləri, parlament üzvləri, mədəniyyət, incəsənət aləminin nümayəndələri, ölkədə akkreditə olunan diplomatik korpusun, kütləvi informasiya vasitələrinin nümayəndələri, kinosevərlər iştirak ediblər.

Rəsmi açılışda qonaqları salamlayan Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Azərbaycanın kino sənəti tarixindən danışıb. Onun sözlərinə görə, 2017-ci ildə İtaliyada Birinci Azərbaycan Kino Festivalının uğurunu nəzərə alaraq, festivalın yenidən keçirilməsi barədə qərar verilib.

Səfir bildirib ki, tarixi dostluğa və möhkəm əsaslara söykənən Azərbaycan-İtaliya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. O qeyd edib ki, Azərbaycan Kino Festivalı İtaliyada Azərbaycan tarixi, mədəniyyəti, həqiqətlərinin çatdırılmasına əlavə töhfə verəcək.

İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Assosiasiyasının sədri deputat Rossana Boldi Azərbaycanın zəngin mədəni ənənələrə malik ölkə, buradakı multikultural mühitin dünya üçün nümunə olduğunu bildirib. İtaliya və Azərbaycan arasında yaxın tərəfdaşlıq əlaqələrinin mövcudluğunu deyən deputat mədəniyyət sahəsinin əlaqələrdəki əhəmiyyətindən danışıb və festival çərçivəsində nümayiş etdiriləcək filmlərin italyanların Azərbaycanı daha yaxından tanımasına xidmət edəcəyini deyib.

Festival sabah başa çatacaq. (APA)