"Azərbaycanla Bolqarıstan arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır"

24 İyun 2019 18:20 (UTC+04:00)

Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov iyunun 24-də Bolqarıstan Respublikası Baş Nazirinin müavini və Xarici İşlər naziri Yekaterina Zaxaryevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan-Bolqarıstan münasibətlərindən danışan Baş Nazir Novruz Məmmədov ölkələrimiz və xalqlarımız arasında çox yaxşı münasibətlərin olduğunu bildirərək deyib:

“Azərbaycan ilə Bolqarıstan arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Ölkələrimiz həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər. Düşünürəm ki, sizin səfəriniz də ölkələrimiz arasında olan əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək”.

Baş Nazir Azərbaycan ilə Bolqarıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. Novruz Məmmədov ölkələrimiz arasındakı iqtisadi münasibətlərin daha inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu bildirib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Baş Nazir Bolqarıstanın Yunanıstan – Bolqarıstan İnterkonnektoru vasitəsilə Cənubi Qaz Dəhlizi layihəsinə qoşulmasının ölkələrimiz arasındakı ikitərəfli əməkdaşlığın daha da inkişafına töhfə verəcəyini deyib.

Novruz Məmmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyinə verdiyi dəstəyə görə Bolqarıstan tərəfinə minnətdarlığını ifadə edib.

Azərbaycan ilə Bolqarıstanın dost ölkələr olduqlarını vurğulayan Yekaterina Zaxaryeva 2015-ci ildə Prezident İlham Əliyevin Bolqarıstana səfəri zamanı imzalanan Strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından önəmli olduğunu bildirərək, ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində mühüm addımların atıldığını diqqətə çardırıb .
Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki önəmli rolundan bəhs edilib, enerji, turizm, ticarət, nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.