Şirməmməd Hüseynovla vida mərasimi keçirilib - Yenilənib

25 İyun 2019 13:03 (UTC+04:00)

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynovla keçirilən vida mərasimi başa çatıb.

Mərhumun cənazəsi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılır.

X X X

Professor Şirməmməd Hüseynovla vida mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezidentin köməkçiləri Fuad Ələsgərov və Əli Həsənov da iştirak edirlər.

***
11:11

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynovla vida mərasimi keçirilir.

Vida mərasimi ilə bağlı universitetin əsas binasının dəhlizlərindən qara və yaşıl parçalar asılıb.

Vida mərasiminin keçirildiyi akt zalına Təhsil Nazirliyi, Mədəniyyət və İncəsənət Universiteti və BDU-nun kollektivi adından əklillər və gül çələngi düzülüb.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.

Mərasimdə Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov, Ombudsman Elmira Süleymanova, Təhsil naziri Ceyhun Bayramov, Səhiyyə naziri Oqtay Şirəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BDU-nun rektoru Elçin Babayev, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, BDU-nun sabiq rektoru Abel Məhərrəmov, alimin tələbələri, ictimaiyyət nümayəndələri və mərhumun ailə üzvləri iştirak edirlər.

Qeyd edək ki, vida mərasimi saat 13:00-dək davam edəcək. Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılacaq.

Xatırladaq ki, Ş.Hüseynov iyunun 24-də 95 yaşında vəfat edib.(report.az)

AzNews.az