BMT-nin Dövlət Xidmətləri Forumu işini davam etdirir - FOTOLAR

25 İyun 2019 11:45 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu iyunun 25-də işini davam etdirir.

Forumun ikinci günü “Dayanıqlı İnkişaf Məqsədləri 16: şəffaflıq, inklüzivlik və iştirakçılıq ilə institutların daha səmərəli olmasını təmin etmək” mövzusunda interaktiv panel müzakirəli plenar sessiya ilə başlayıb.

BMT-nin İqtisadi və Sosial məsələlər üzrə departamentinin Dövlət institutları və rəqəmsal hökumət sektorunda DİM şöbəsinin müdiri David Le Blankın moderatorluğu ilə keçən sessiyada Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Alia El Yassir, Liberiya Respublikasının Paynesvil şəhərinin meri Pam Taylor-Belçer və Bəhreyn Dövlət İdarəçilik Akademiyasının direktoru Raed Ben Şams çıxış ediblər.

Natiqlər müasir dövrdə dövlət xidmətləri sahəsində innovasiyaların tətbiqinə böyük ehtiyacın olduğunu vurğulayıb, Azərbaycanın "ASAN xidmət" modelini bu istiqamətdə yaxşı təcrübə kimi qiymətləndiriblər. Qeyd ediblər ki, dövlət xidmətlərinin göstərilməsi prosesinin təkmilləşdirilməsi sahəsində müxtəlif tədbirlər görülür. Bu sahədə vahid mexanizmin yaradılması üçün fikir mübadiləsi aparmaq və qazanılan təcrübələri paylaşmaq baxımından bu forum əhəmiyyətli platformadır.

Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün görülən işlərlə bağlı məlumatlılığın artırılması baxımından Bakı Forumunun əhəmiyyətini vurğulayan natiqlər tədbirin təşkilinə görə Azərbaycan Hökumətinə təşəkkür ediblər. Vurğulanıb ki, bu məqsədlərə çatmaq üçün hökumətlər, media, yerli cəmiyyətlər və beynəlxalq təşkilatlar birgə fəaliyyət göstərməlidirlər. Bunun üçün yeni konsepsiyalar hazırlanmalıdır.

Sonda iştirakçıların sualları cavablandırılıb.(AZƏRTAC)

AzNews.az