Çin gömrükçüləri Rusiyadan çirklənmiş neft almayacaq - qadağa qoyuldu

25 İyun 2019 15:59 (UTC+04:00)

Çin xloridlərin "Dostluq" neft kəmərinə daxil olması səbəbindən çirklənmiş Rusiya neftini almaqdan imtina edir.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi yayıb.

Mənbənin iddiasına görə, Çin gömrük orqanları alıcılara tərkibində xloridlərin çox olduğu Rusiya neftini əldə etməyi qadağan edib.

Bəzi partiyalarda bu göstərici icazə verilən rəqəmdən 10-20 dəfə yüksək olub, - deyə agentlik yazır.

Nəticədə dünyanın ən böyük neft treyderi, İsveçrə-Niderland şirkəti olan Vitol tankerlərini Avropa və Cənub-Şərqi Asiyaya geri göndərməli olub.

Belə addımı Glencore beynəlxalq treyderi də atıb.

Reuters-in məlumatına görə, 1 milyon tondan artıq ümumi dəyəri 500 milyon dollar olan neft indiyədək alıcıları tapmayıb.

"Dostluq" neft kəməri Avropa İttifaqının səkkiz ölkəsinin ərazisindən keçir və dünyada ən uzun neft kəməri hesab olunur.

Aprelin sonlarında Rusiya neftinin çirklənməsi səbəbindən "Dostluq" ixracatda fasilələrlə üzləşib. Neftin tərkibində xloridlərin yüksək tərkibi aşkar edilib.

Belarus ölkənin neftayırma zavodlarına daxil olan Rusiya neftinin keyfiyyətinin kəskin şəkildə aşağı düşməsi üzündən Ukrayna, Polşa və Baltikyanı ölkələrə yüngül neft məhsullarının (benzin və dizel yanacağının) ixracını dayandırıb.

Ekspertlər Belarusa dəyən həmin zərəri yüz milyonlarla avro dəyərində qiymətləndirirlər.

Belarus tərəfi çirklənmiş neftin avqustun ortalarında boru kəməri ilə Rusiyaya nəqlini tamamilə başa çatdırmaq niyyətindədir.

Rusiya neftinin "Dostluq" boru kəməri ilə Almaniyaya nəqli iyunun 16-dan 17-nə keçən gecə başlayıb.

Babək Göyüş

AzNews.az