“Nabucco” kəmərinin gücü üzrə sifariş qəbuluna başlanıb

6 May 2013 13:54 (UTC+04:00)


APA-nın xəbərinə görə, konsorsiumun yaydığı məlumatda bildirilir ki, bu mərhələ çərçivəsində bütün potensial iştirakçılara və tədarükçülərə kəmərin gücünün sifarişində maraqlı olduğunu qeydiyyata aldırmaq və müvafiq sənədləşmə işlərinə qoşulmaq imkanı veriləcək.

"Nabucco Gas Pipeline International GmbH" konsorsiumunun icraçı direktoru Reynhard Mitçek sözügedən prosesə start verilməsini "layihənin reallaşdırılmasında mühüm mərhələ" adlandırıb. Onun sözlərinə görə, proses açıq giriş və nəqletmə marşrutlarının diversifikasiyası prinsiplərinə uyğun olaraq keçiriləcək.

Konsorsiumun maliyyə direktoru Frank Zibert isə şirkətin layihə üzrə təkliflərinin rəqabət qabiliyyətli və kommersiya baxımından sərfəli olduğunu vurğulayıb. Prosesin bu ilin sonunadək başa çatması gözlənilir.

Xatırladaq ki, "Nabucco" qaz kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan "Nabucco Gas Pipeline İnternational GmbH." konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), "Transgaz" (Rumıniya), "Bulgargaz" (Bolqarıstan), "BOTAŞ" (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.

Tikintisinə 2013-cü ildə başlanması planlaşdırılan "Nabucco" qaz kəmərinin 2017-ci ildə hazır olması gözlənilir. Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazının da daşınması nəzərdə tutulur. Layihənin 7,9 mlrd. avroluq dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.

İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 900 km olacaq.

AzNews.az