“Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə hər an hazırdır”
Bunu AzNews.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov dedi.
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 101-ci ildönümündən danışan polkovnik ordumuzun əldə etdiyi uğurlardan söz açdı:
“Azərbaycan Ordusu Azərbaycan xalqının qürur yeridir. Müasir dövr Azərbaycan ordusunun qurucusu ulu öndər Heydər Əliyevdir. O, 1993-cü ildə Azərbaycana qayıtdığı zaman Dağlıq Qarabağda müharibə gedirdi. Heydər Əliyev Ali Baş Komandan kimi silahlı qüvvələri bir mərkəzdən idarə edərək düşmənin bütün istiqamətlərdə irəliləməsinin qarşısını aldı. Eyni zamanda atəşkəs haqqında sazişin imzalanmasına nail oldu. Bundan sonra Azərbaycan ordusu sürətlə formalaşmağa başladı və zaman keçdikcə ordumuz bölgədə ən güclü ordulardan biri kimi tanındı. Buna da əlbəttə, ölkəmizdəki iqtisadi dirçəliş, maliyyə imkanları, sabitlik şərait yaratdı, ordunun ən müasir texnikalarla təmin olunmasına imkan yarandı. Ulu öndərin siyasi kursunu davam etdirən Ali Baş Komandan cənab prezident İlham Əliyev Azərbaycan ordusunun inkişafını daim diqqətdə saxlayır. O, ordunun müasir tipli bir ordu kimi inkişafına nail olub. Bu gün Azərbaycan Ordusu regionda ən güclü ordular sırasındadır. Bu, bizim nailiyyətimizdir”.
Ş.Ramaldanov Azərbaycan Silahlı Qüvvələrinin dünya miqyasında qazandığı nüfuzdan da danışdı:
“Bu gün sülhməramlı qüvvələr sırasında Azərbaycan Ordusu da sülhün qorunmasına xidmət edir. Bu işdə də ordumuz xüsusi peşəkarlıq göstərir. Bunun nəticəsidir ki, dəfələrlə NATO tərəfindən müdafiə nazirliyinə və Azərbaycan Respublikasının rəhbərliyinə minnətdarlıq edilib. Eyni zamanda Azərbaycan Silahlı Qüvvələri beynəlxalq təlimlərdə iştirak edir, beynəlxalq hərbi yarışlara qatılır. Bütün bu yarışlardan da əliboş gəlmir. Bunlar ordumuzun gücünü bir daha sübut edir”.
Ekspert Azərbaycan Ordusunun döyüşə hər an hazır olduğunu və düşmən üzərində qələbə qazanmağa qadir olduğunu vurğuladı:
“Azərbaycan müharibə şəraitində olan ölkədir. Bu gün Azərbaycanın qarşısında duran ən mühüm vəzifələrdən biri Dağlıq Qarabağı işğalçı qüvvələrdən azad edib ərazi bütövlüyümüzü bərpa etməkdir. Buna görə də ordumuz daim inkişaf etməlidir. Ordumuz cəbhə bölgəsində düşmən tərəfindən olan bütün təxribatların qarşısını alaraq nəzarəti öz əlində saxlayır. Silahlı Qüvvələrin döyüş hazırlığını yüksəltmək məqsədilə irimiqyaslı təlimlər keçirilir. Bu da göstərir ki, ordumuz günü-gündən inkişaf edir və peşəkar sərkərdarlar yetişdirir. Müdafiə naziri cənab Zakir Həsənovun dediyi kimi, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə hər an hazırdır və qadirdir”.
Xəyalə
AzNews.az