Nə vaxtsa seçim etməli olsaq...

27 İyun 2019 09:18 (UTC+04:00)

Siyasi təhlilçilər və ya politoloqlar hələ Vaşinqton görüşünün nəticələrinin analizinə girişməyiblər. Bəlkə də ona görə ki, böyük hesabla təhlil etməli bir şey də yoxdur.

Bilindiyi kimi, nazirlərin növbəti – bu dəfə Vaşinqton görüşü danışıqlar prosesində heç bir pozitiv dəyişikliyə səbəb olmadı.

Hər iki tərəfin rəsmi şəxslərinin bəyanatlarını izləməyə çalışdıq, amma Vaşinqtonda, heç olmasa, münaqişə tərəflərinin münasibətlərində müsbət tendensiyanın hiss olunmasına sübut ola bilən hər hansı tutarlı arqument tapa bilmədik.

Nazirlər növbəti görüşü də Vaşinqtonda keçirməyi qərarlaşdırdılar – güman ki, bunu Vaşinqton görüşünün ən əsas, yadda qalan nəticəsi kimi qəbul etmək olar.

Ümumilikdə isə, ABŞ-da Dağlıq Qarabağ problemilə bağlı görüşlər əvvəllər də olmuşdu – güman ki, oxucular hələ də 90-cı illərdə ABŞ-ın Ki-Uest şəhərində Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş görüşü xatırlayırlar.

O vaxt da müəyyən ümidlər və gözləntilər vardı, amma onlar gerçək olmadı. Bu dəfə də çoxu düşünürdü ki, Vaşinqtonda görüşün keçirilməsi hansısa diplomatik, ən başlıcası da coğrafi formalizm deyil, bunun arxasında ABŞ hökumətinin real və ciddi niyyətləri dayanır.

Düzünü desək, görüş ərəfəsindəki diplomatik atmosfer də müəyyən mənada bu cür gümanları gücləndirirdi: ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi C.Bolton bir neçə dəfə bildirmişdi ki, münaqişə tərəflərinin təmsilçilərilə görüşləri səbrsizliklə gözləyir.

Belə vəziyyət bəzi politoloqları yenidən “Bolton planı” haqqında danışmağa vadar etdi. Amma nazirlərə Dağlıq Qarabağ probleminin hər hansı aspektilə razılığa gələmək müyəssər olmadı, hətta əvvəlki iki görüş zamanı müzakirə olunmuş mövzuların belə inkişafı duyulmadı – burada söhbət əsir və girovların dəyişdirilməsindən və “snayperlərin müharibəsinə son qoymaq” haqdakı çağırışlardan gedir.

Cənab Boltonun diplomatik səylərinə gəldikdə isə görüş ərəfəsində dəfələrlə yazılmışdı ki, ayrıca bir “Bolton planı” yoxdur, hətta indiki müzakirələrin də nüvəsini Madrid və Qazan prinsipləri təşkil edir - hansılar ki, ilkin addım kimi Azərbaycan ərazilərinin bir hissəsinin azad olunmasını nəzərdə tutur.

Real “Bolton planı”na gəldikdə isə, o, bunu faktiki olaraq özünün ötən ilki səfəri zamanı bəyan etmişdi: o vaxt amerikalı diplomat Ermənistan baş nazirinə birmənalı şəkildə məsləhət görmüşdü ki, Bakı və Ankara ilə normal münasibətlər qurmağa başlasın.

Amma o vaxt da, indi də bizdə belə təəssürat yaranıb ki, C.Boltonu ilk növbədə Azərbaycan-İran və Ermənistan-İran əlaqələrinin perspektivləri maraqlandırır, çünki əgər bu iki ölkə İranla ticari - iqtisadi əlaqələrini məhdudlaşdırmağa qərar versə, o halda Tehran rejimi sözün əsl mənasında müvazinətini itirər – axı söhbət İranın ən əsas ticari-iqtisadi arteriyalarının ikisindən gedir.

Düşünürük ki, ötən il də Azərbaycan-Ermənistan münasibətləri C.Boltonu yalnız Ermənistan-İran və əlbəttə ki, Azərbaycan – İran əlaqələrinin prizmasından maraqlandırırdı. Təsadüfi deyil ki, nazirlərin növbəti görüşünü şərh edən bəzi rusiyalı politoloqlar açıq mətnlə yazdılar ki, E.Məmmədyarov və Z.Mnatsakanyan Vaşinqtona əsasən İran məsələsinə görə çağırılıblar. Sözsüz, burada Moskvanın qısqanclığı da müəyyən rol oynayır – danışıqların Vaşinqtonun çətiri altına keçməsi Kremlin heç ürəyindən deyil.

O ki qaldı ABŞ prezidentinin köməkçisinin də səylərinə, hələ ki, C.Bolton özünün istəyinə nail ola bilməyibdi: nə İrəvan, xüsusən də nə Bakı İranla əlaqələrinə hər hansı korrektələr etməyə hazırlaşmırlar.

Görüşün sırf Dağlıq Qarabağla bağlı məqamlarına gəldikdə isə, görünən budur ki, amerikalılar problemə əvvəlki illərdən daha çox maraq göstərməyə başlayıblar. Ki-Uest görüşündən sonrakı kontaktların demək olar ki, hamısı Rusiyanın çətiri altında keçibdi. Bu isə kiçik müddət deyil, demək olar ki, 20 ildir – düşünürük ki, belə vəziyyət bizə hələ də Rusiya ilə daha “sıx” işləməyi məsləhət bilənlərə bir işarə ola bilər.

20 il bir dövlətin sülhyaratma, vasitəçilik missiyasını qiymətləndirmək üçün yetərli zaman intervalıdır, əgər bu illər hiss olunacaq dəyişikliklərə səbəb olmadısa, 20 ildən sonra Rusiyanın xarici işlər naziri S.Lavrov da bildirirsə ki, onun da Dağlıq Qarabağla bağlı heç bir planı yoxdur, onda boş ümidlərlərə qapılmağa dəyərmi?..

Əlbəttə ki, demirik ABŞ nəsə edəcək. Amma Vaşinqtonun N.Paşinyandan gözləntiləri və Moskvanın N.Paşinyandan umacaqları – bunlar tamam-kamal fərqli şeylərdir.

Vaşinqtonda hesab edirlər ki, Ermənistanın yeni hakimiyyəti özündən əvvəlkilərin yükündən qurtulmalı və yeni regional və qlobal siyasət qurmalı, Azərbaycan və Türkiyə ilə, eləcə də Qərblə yaxınlşamalıdır. Moskva isə tələb edir ki, Paşinyan özündən əvvəlkilərin – R.Koçaryanın və S.Sarqsyanın siyasi kursuna sadiq qalsın. Onları xüsusilə belə bir perspektiv narahat edir ki, İrəvan Qərbə tərəf dreyf edə bilər, çünki bu, yetərincə real görünür, - o səbəbdən ki, Kremlin on illərlə davam edən vədlərindən kökə bişirmək mümkün deyil.

Bu vaxta qədər Moskva İrəvanı ona Qarabağ məsələsində dəstək verməklə, bu ölkənin ərazisindəki bazalarında yeni silahlarını nümayiş etdirməklə öz cazibəsində saxlaya bilirdi. Belə vəziyyət əlbəttə, Kremlin dövranında da yaxşı yaşayan ermənilərin könlünü oxşayırdı. Amma sosial - iqtisadi xarakterli ümumi problemlər var, hansıların ki, üstündən xətt çəkmək, təxirə salmaq mümkün deyil, onlar hələ də həllini gözləyir.

Burada iki yol var: ya Ermənistan Qarabağ problemində güzəştə gedir ki, Azərbaycan və Türkiyə ilə münasibətlərini korrektə etsin, ya da ki, öz siyasətini dəyişməz saxlayaraq Qərblə yaxınlaşmağa çalışır.

Problemin qəlizliyi ondadır ki, bu ssenarilərin heç biri Kremli qane etmir: yalnız Moskvanın təlimatları üzrə hərəkət etmək, Azərbaycan və Türkiyə ilə Kremli başı üzərindən yaxınlaşmaq haqqında düşünməməli, Qərbə tərəf qəti meyllənməməli – Kremlin öz forpostundan tələb etdiyi budur.

Ermənistan bu minvalla nə qədər duruş gətirəcək? Moskvada bu haqda heç düşünmək istəmirlər, necə ki, rusların özlərinin Putinin boş vədlərilə nə qədər duruş gətirəcəyi haqqında kimsə düşünmür. “Dözün!". Kremlin öz xalqına və özgələrə tövsiyyəsi budur.

Bəs biz nə etməliyik? Qarabağ problemini gənc nəsil üçünmü saxlamalıyıq? Etiraf edək ki, çox çətin bir sualdır. “Kim müharibə ilə rüsvayçılıq arasında seçim zamanı rüsvayçılığı seçirsə, son nəticədə o, həm müharibə qazanır, həm də rüsvayçılıq”. Razılaşın ki, U.Çörçillin bu sözlərində müəyyən həqiqət var. Biz hələki öz seçimimizi etməmişik və Allahın köməyilə heç vaxt rüsvayçılığı seçmərik də.

Amma nə vaxtsa seçim etməli olacağıq, baxmayaraq ki, müharibə də asan yol deyil və eyni zamanda bir neçə əlverişli məqamın uzlaşmasını tələb edir.

Hələki “təskinlik” verən yeganə məqam budur ki, nəinki Qarabağ, ümumiyyətlə, keçmiş sovet məkanında buna bənzər münaqişələrin heç biri həll olunmayıbdır və hamı məhz əlverişli məqamın yetişməsini gözləyir. Düşünürük, o, mütləq yetişəcək –axı ədalət gec-tez qalib gəlir, bir şərtlə ki, gecə və gündüz bunun üçün çalışasan və ən əsası da inanasan – onda o, mütləq qalib gələcək...

Hüseynbala Səlimov