Suriya İsraili bombalamağa hazırlaşır- VİDEO

6 May 2013 21:27 (UTC+04:00)


Suriyada Bəşər Əsəd hökuməti İsrailin bu ölkəyə endirdiyi hava zərbələrini "kobud aqressiya aktı" kimi dəyərləndirib. Jurnalistlərlə birifinq keçirən Suriyanın İnformasiya Naziri Omran əl-Zubi Suriyanın bu cür hallara qarşı özünü müdafiə etmək hüququna və öhdəliyinə malik olduğunu bildirib.

"İsrail işğalçıları 2013-cü il may ayının 5-də Suriyanın hərbi bazasını raket zərbələri ilə vurmaqla kobud aqressiya aktını həyata keçirib. Suriya hərbi qüvvələri öz ölkəsini və xalqını daxili və ya xarici hücumlardan müdafiə etmək hüququna sahibdir", - Suriyanın İnformasiya Naziri Omran əl-Zubi deyib.

Rəsmi Dəməşq hesab edir ki, İsrailin Suriyada hərbi hədəflərə zərbələr endirməsi bu ölkənin terrorçularla əlaqəli olmasını sübut etdirir. Suriya televiziyası hücumla əlaqədar hökümətin növbədən kənar iclas keçirdiyini bildirib. Suriya hərbçiləri raket komplekslərinin İsrail istiqamətinə yönləndirmək əmri alıb və ordu qüvvələri artıq cavab zərbəsi üçün hazır vəziyyətə gətirilib.
İsrail isə, öz növbəsində Suriyanın bu xəbərdarlığı ilə əlaqədər ölkənin şimal bölgəsində hava sərhədini bağlayıb.

Birləşmiş Ştatlar prezidenti Barak Obama da İsrail və Suriya arasindakı vəziyyətlə bağlı açıqlama verib və İsrailin, Hizbullah kimi terrorçu qrupların silahlandırılmasına qarşı lazımı addımlar atmağa hüququ çatdığını bildirib.

ABŞ prezidenti Barak Obama: "Suriyada baş verənlərlə bağlı heç bir şərh verməyəcəm. Hava zərbələrinin gerçək və ya yalan olması ilə bağlı məlumatı qoy İsrail özü təsdiqləsin. Lakin mən keçmişdə olduğu kimi indi də İsrailin öz ölkəsini qorumaq üçün atdığı addımları dəstəkləyirəm. Biz İsraillə əməkdaşlığımızı davam etdirəcəyik".

Rusiya tərəfi isə İsrailin Suriyaya hərbi zərbələr endirməsini özünəməxsus şərh edib. Rusiyanın XİN nümayəndəsi Lukaşeviç bildirib ki, hərbi qarşıdurmanın davam etməsi Suriya ilə yanaşı Livanda yeni gərginlik ocaqlarının yaranmasına yol aça bilər. Moskva hesab edir ki, son zaman Suriyada yaranan vəziyyətdə Qərbin Suriya munaqişəsinə qarışmasına dair əlamətləri sezilir. Bu məsələdə kimyəvi silahlardan istifadə olunmasının müzakirəsidə bilavasitə rol oynayır.




AzNews.az