Kütləvi davaya gedən 300 nəfər saxlandı

7 May 2013 07:06 (UTC+04:00)


Rusiyanın Surqut şəhərində keçirilən əməliyyat nəticəsində aralarında azərbaycanlıların da olduğu güman edilən 300 nəfər saxlanılıb. Daxili işlər orqanlarından verilən məlumata görə, onlar şəhərə maşınlarla girməyə cəhd ediblər.

200-ə yaxın maşın saxlanılıb və sərnişinlərdən pnevmatik silah və soyuq silahlar aşkarlanıb. Onların Surquta hansısa mübahisəni həll etmək üçün getdiyi təxmin edilir.

Polis şöbəsinə gətirilən gənclər heç bir günahlarını olmadığını bildiriblər. Onların arasında əvvəllər məhkum edilən 20 nəfər də var.

Polis ehtimal edir ki, 300 nəfərin silahlı şəkildə şəhərə daxil olmağa cəhd etməsinə səbəb kütləvi davaya hazırlaşmalarıdır. Bu ilin aprelində böyük ticarət mərkəzinin qarşısında baş verən davanın davamına hazırlaşan gənclər hələlik ittihamları qəbul etmir.

Aksiyaya rəhbərlik etdiyi güman edilən 5 nəfər saxlanılıb. Digərləri isə şəhəri tərk etməyəcəkləri barədə iltizam alınaraq sərbəst buraxılıb.

Elnarə Əlosmanqızı
AzNews.az