Gürcüstan cəmiyyəti ciddi seçim qarşısında qalıb - Mübariz Əhmədoğlu

1 İyul 2019 10:21 (UTC+04:00)

Bu Gürcüstanın geosiyasi seçim edə bilməməsi ilə əlaqəlidir. Tarixi, psixoloji, siyasi faktorların qarışığı olan hal hal-hazırda Gürcüstan cəmiyyətini kifayət qədər ciddi seçim qarşısında qoyub. Gürcülər çar Rusiyasının regionda siyasətinin reallaşmasında mühüm rola malik olublar. Sonda Gürcüstanın siyasəti özünə qarşı çevrildi. Rusiya ilə gərginlik Gürcüstanın 2 ərazisinin faktiki itirilməsinə gətirib çxardı. İndi gürcülər siyasətlərini Qərbin maraqları ilə uzlaşdırmaq istəyirlər. Rusiya isə xeyli güclüdür, NATO və ABŞ Rusiyanın qorxusundan Gürcüstanın istədiyini verə bilmir. Belə bir vəziyyətdə emosional ekstentrizm, üstünlük təşkil etdiyi üçün hadisələr mitinqlərə səbəb olub. Gürcüstanda nəyin necə baş verəcəyini, proseslərin necə qurtaracağını hələki heç kəs proqnozlaşdıra bilməz. Baş verən bəzi məsələlər kifayət qədər ciddi kursor rolunu oynaya bilər:

I. ABŞ Milli Demokratiya İnstitutunun ötən ay keçirdiyi rəy sorğusunda Gürcüstandakı ermənilərin rəsmi Tbilisinin Avroatlantik inteqrasiya kursunun əleyhinə olduğu bəlləndi. Rəsmi Tbilisi bunu digər dövlətin Gürcüstanın xarici siyasət kursuna təsiri kimi dəyərləndirdi və Gürcüstanın Təhlükəsizlik Xidmətinin rəhbəri Qomelauri dərhal Ermənistana səfər etdi.Ermənilər bu addımı RF naminə də edə bilərlər.

II. Eks-spiker N.Burcanadzenin başçılıq etdiyi gürcü müxalifəti mitinq keçirərək Tbilisini Moskva ilə birbaşa dialoqa çağırdı.

III. “Vətənpərvərlər Alyansı” hərbi neytrallıq mövzusunda mitinq keçirdilər. Yəni Gürcüstan NATO-ya üzv olmamalıdır.

IV. David Qareci-Keşikçi Dağ məbədi mövzusu kifayət qədər Rusiyapərəst qüvvələr tərəfindən aktuallaşdırılıb. N.Burcanadze yaxınlarda Gürcüstanın ərazi mübahisəsinin həll olunacağı ilə bağlı ümid yaratdı. “Vətənpərvərlər Alyansı” da hökuməti David Qareci-Keşikçi Dağ məbədi məsələsini təcili həll etməyə çağırdı.

V. ABŞ Dövlət Katibi M.Pompeo dərinsulu Anakliya limanının fəaliyyətinin zəruriliyini vurğuladı.

VI. RF Xİ nazirinin müavini Q.Karasin M.Pompeonun Anakliya limanı ilə bağlı dediklərini qəbuledilməz adlandırdı.

VII. Milliyyətcə rus D.Sergeyenko Səhiyyə naziri vəzifəsindən azad edildi. D.Sergeyenkonun çıxarılmasına ehtiyac yox idi. Görünür, Gürcüstanla ABŞ-ın müzakirələrində, xüsusən Anakliya limanı ətrafında yaranmış vəziyyətdən sonra Qərb B.İvanişvilidən anti-Rusiya istiqamətində daha kəskin addımlar tələb edib.

Gürcüstanın siyasətinin Rusiyaya meylliliyin olmasına dair arqumentlərdən biri milliyyətcə rusun Gürcüstanda nazir işləməsi göstərilib. Ona görə də B.İvanişvili uğurla işləyən, güclü reytinqə malik olan şəxsi vəzifədən azad etdi.

VIII. “Mən Gürcüstanda cəmi 3 gün keçirtdim. İnanmıram ki, hökumət Rusiya ilə apardığı açıq qapı siyasətinin nəticələrini axıradək dərk edir. Belə miqdarda turistlər (FTX və Rusiya biznesmenləri) tərəfindən alınan torpaq müqabilində bir gün gürcülər ayılıb görəcəklər ki, onların işğal olunmuş əraziləri 20 faiz deyil, onların 100 faiz torpaqlarıdır.-Mark Karpenter, ABŞ Müdafiə nazirinin keçmiş müavini, Pensilvaniya universitetinin Bayden adına məktəbinin baş direktoru.

IX. Bizim ikitərəfli münasibətləri normallaşdırmaq istiqamətində işlədiyimiz bu illərin əsas yekunu qarşılıqlı münasibətlərimizi düşmənçilik, qarşıdurma, bir-birini emosional qəbul etməmək dalanından çıxarmaq olub. Mal dövriyyəsi, turist axını artıb”.-Q.Karasin, RF Xİ nazirinin müavini, stat katib.

X. Gürcüstanda cinsi azlıqların mitinqi cəmiyyətdə ciddi ajiotaj yaratdı. Katolikos Patriarxlığı hətta demokratiya və söz azadlığının məhdudlaşdırılmasını bildirdi. Sonradan əhalinin gur mitinqləri başladıqda isə patriarxlıq 3 dəfə hadisələrə münasibət bildirdi, əhalini ehtiyatlı olmağa çağırdı. Cinsi azlıqlarla bağlı Katolikos Patriarxlığın mövqeyinə qarşı ABŞ-ın Gürcüstandakı səfirliyi çıxış etdi.

Rusiyanın Gürcüstanla münasibətləri normallaşdırmaqda atdığı addımlar ABŞ-ı qıcıqlandırdı. Məhz o səbəbdən də belə bir vəziyyət yarandı. Həm M.Karpenterin dedikləri, həm də Baş nazir M.Baxtadzeni ABŞ-da qəbul edərkən Dövlət Katibi M.Pompeonun verdiyi bəyanatların bir qismi bunu deməyə əsas verir.

Gürcüstanda Pravoslav Parlament Assambleyasının iclas keçirməsi və bu iclasda Pravoslav Parlament Assambleyasının sədri Q.Qavrilovun parlamentin spikerinin stulunda oturması sadəcə bəhanə idi. Nəyinsə üstündə bu problem baş verməli idi. Çünki Gürcüstanın daxilində, siyasətində və ətrafında baş verənlər obyektiv olaraq hadisələri o istiqamətə aparırdı.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq