Prezidentliyə namizəd: "Azərbaycanda sionistlər geniş fəaliyyət göstərir"

7 May 2013 07:31 (UTC+04:00)
İranda keçiriləcək prezident seçkilərinə qatılan namizədlər təbliğat kampaniyalarında Azərbaycan mövzusuna tez-tez müraciət etməli olurlar.

Təbriz Azad Universitetində tələbələr arasında çıxış edən prezidentliyə namizəd Kamran Baqiri Lənkərani də məhz Azərbaycan Respublikası ilə münasibətlərə dair sualları cavablandırmalı olub.

Prezidentliyə namizəd İran-Azərbaycan münasibətləri barədə tələbələrin sualını cavablandırarkən deyib: "Bizim üçün xarici siyasətdə əsas olan odur ki, 16 qonşu ölkə ilə qonşu kimi, digər ölkələrlə də milli maraqlarımız və siyasət prinsiplərimiz əsasında rəftar edək".

Lənkəraninin sözlərinə görə, Azərbaycan kimi bəzi ölkələrdə sionistlər geniş fəaliyyət göstərirlər və var gücləri ilə İranla Azərbaycan Respublikasının münasibətlərini pozmağa çalışırlar.

Elnarə Əlosmanqızı
AzNews.az