Kabildə terror aktı nəticəsində 50 uşaq yaralandı

1 İyul 2019 15:17 (UTC+04:00)

Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində azı 50 uşaq yaralanıb.

Bu barədə Pajhwok agentliyi ölkənin təhsil nazirliyinə istinadla məlumat yayıb.

TOLOnews telekanalının xəbərinə görə, hücumda iştirak edən terrorçuların zərərsizləşdirilməsi üzrə əməliyyat davam edir. Onların hadisə yerindəki binalardan birində gizləndikləri bildirilir.

Səhiyyə nazirliyinin məlumatına əsasən, terror aktı nəticəsində bir nəfər həlak olub, 65 nəfər yaralanıb. Bir sıra KİV-lər isə xəbər verirlər ki, ölənlərin sayı 10 nəfərdən 34 nəfərədək ola bilər.

Minalanmış avtomobil paytaxtın diplomatik məhəlləsində partladılıb. Həmin ərazidə Əfqanıstan Milli Müdafiə Nazirliyinin obyektlərindən biri yerləşir.

Terror aktının məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.(AZƏRTAC)

AzNews.az