Hərbi xuntaçılar üçün sonun başlanğıcı

1 İyul 2019 17:47 (UTC+04:00)

İyunun 25-də Ermənistanın eks prezidenti Robert Köçəryan baş prokurorluğun qərarı ilə 2-ci dəfə tutuqlandı.

Halbuki, 18 may tarixində qondarma “Dağlıq Qarabağ” rejiminin keçmiş və indiki lideri statusunda Bako Saakyan və Arkadi Qukasyan R. Köçəryanın həbsdən azad edilməsi, məhkəməyə qədər evdusaqlığında qalması üçün ona zamin durmuşdular. Aradan bir gün ötəndən sonra Robert Köçəryan heç nə olmamış kimi bir daha siyasətə dönmək haqqında qərarlı olduğunu yaxın çevrəsinə elan edir. Çünki, bütün cinayət əməllərinə siyasi don geyindirməklə bütün məsuliyyətdən yayınmağı hədəf olaraq görürdü.

İrəvanla Xankəndi arasındakı gərginlik və məhkəmə serialları

“Armenpress” agentliyinin etirafına görə, qondarma Dağlıq Qarabağ rejiminin 2019-cu il üçün büdcəsinə Ermənistan nazirlər kabineti tələb olunan vəsaiti hələ də ayırmamışdır. Bu da İrəvanla Xankəndi arasında münasibətlərin daha da gərginləşməsinə səbəb olub. İrəvandakı Nikol Paşinyan hakimiyyətinin tələblərinə əməl olunacağı təqdirdə büdcədən müəyyən vəsaitin ayrılması və Ermənistan Hesablama Palatasının nəzarətində olmaqla ayrılan pullara nəzarət tələb kimi Arkadi Qukasyan iqtidarı qarşısında şərtlərdən biridir. Çünki, dövlət büdcəsindən ayrılan vəsaitin elə İrəvanda Paşinyan iqtidarına müxalifətdə olan çevrələrə ayrılması kimi problemlər mövcuddur. Qeyd edək ki, Nikola Paşinyan hakimiyyətinə xeyli dərəcədə loyallığı ilə fərqlənən eks baş nazir Araik Arutyunyan bu olayı dolayı yolla yerli KİV-lərə etiraf edibdir.

İrəvandakı və Xankəndindəki siyasi kluarlarda bu günün əsas mövzusu Nikol Paşinyan tərəfindən irəli sürülən şərtlərə əməl olunması tələbləridir. Belə ki, “I Qarabağ savaşı” dönəmində səhra komandirləri statusunu daşımış və bu gün “DQ” rejimində mühüm vəzifələr daşıyan kadrların tutduqları vəzifədən uzaqlaşdırılması şərt olaraq irəli sürülür. Arkadi Qukasyan məcbur olaraq, keçmiş səhra komandiri və sonradan “DQ” rejiminin təhlükəsizlik şurasının katibi Vitali Balasanyanı, 2015-2018-ci illərdə “DQ” rejiminin müdafiə naziri olmuş Levon Mnatsakanyanı, “DQ” rejimi prezidentinin hərbi məsələlər üzrə xüsusi müşaviri, keçmiş səhra komandiri Artur Ağabekyan kimi iri çəkili məmurları uzaqlaşdırmaq məcburiyyətində qalıb. Paralel şəkildə İrəvanda “I Qarabağ savaşı”nda rəhbərlik etmiş bir sıra iri çəkili kadrlara qarşı son illərdə törətdikləri cinayət əməllərinə görə məhkəmələrə başlanılıbdır. Bütün bunlara baxmayaraq, Dağlıq Qarabağ rejiminin prezidenti olmuş Robert Köçəryan və Serj Sərkisyanın ümid bəslədikləri və qondarma rejiminin hərbi qüvvələri üzərində böyük təsiri olan Bako Saakyan, Araik Arutyunyan, Vitali Balasanyan, Samvel Babayan və digər səhra komandirlərinin vasitəsilə prosesləri mümkün qədər ləngitməyə çalışırlar. Bu hərbi canilər qondarma “DQ” rejiminin liderləri statusu ilə İrəvana təsir imkanlarını qoruyub saxlamaq inadından əl çəkmək fikrində olmadıqlarını hər addımda sübut edirlər. Terror üzərində qurulmuş “DQ” rejiminin lideri statusunu daşımaq onların həyat mənbəyinə çevrilibdir. Hətta buna hakimiyyətin davam etməsi adına “uzurpatsiyanı qorumaq” adını da veriblər.

Könüllü olaraq həbsxanaya girən Robert Köçəryan

Mayın 25-də Ermənistan baş prokurorluğu eks prezident Robert Köçəryan haqqında ev dustalığını ləğv edərək onun yenidən həbsxanaya salınması barəsində qərar veribdir. R. Köçəryan isə, “könüllü” şəkildə öz maşını ilə həbsxanaya gedibdir. Halbuki bir həftə öncə İrəvanda onun ev dustaqlığına buraxılması haqqında şüni şəkildə yayılan şaiələr bundan ibarət idi: “Rusiya prezidenti Vladimir Putinlə yaxın dost olduğu üçün, Köçəryanı həbsdə saxlamaq olmaz”. Əslində qondarma “DQ” rejiminin rəhbərlərinin xüsusi şəkildə xahişlə dolu olan müraciətləri əsasında bu addımlar atılmışdı.

Ermənistan baş prokurorluğunun son bəyanatında bildirilir ki, çox yaxın zamanda 2008-ci il mart ayının sonlarında İrəvanda prezident seçkilərinin saxtalaşdırılmasına etiraz edən əhalini dinc mitinqlərini dağıtmaq üçün Robert Köçəryanın əmri ilə Xankəndindən gətirilən xüsusi cəza dəstələri gülləbaran etmişlər. Bu qanlı hadisələr zamanı 10 nəfər dinc sakin öldürülmüş və 250 nəfər isə güllə yarası almışlar. Bu barədə çoxsaylı istintaq materialları, video çəkilişlər, fotolar və şahid ifadələri var. Mart olayları zamanı yüzlərlə dinc etiraz aksiyasının iştirakçıları heç bir əsas həbs olunmuşlar. Onların arasında indi Ermənistanın baş naziri olan Nikol Paşinyan da var idi. Paşinyana məhkəmənin qərarı ilə 7 il müddətinə həbs cəzası verilmişdi.

C:\Users\User\Documents\xulase cari\cap\tutuql=.jpg

İrəvanda 600 nəfər xuntaçı həbs olunub

2018-ci il aprel seçkilərindən sonra iqtidara gələn Nikol Paşinyan və onun tərəfdarları hakimiyyətdə öz mövqelərini gücləndirmək, bunun ardınca Ermənistanı 1998-ci ildən 2018-ci ilə kimi hərbi xunta qanunları ilə idarə edən qüvvələrə qarşı sərt mövqe nümayiş etdirirlər. Ötən müddət ərzində eks prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın ifrat dərəcədə tərəfdarı olan, Dağlıq Qarabağda 1990-1998-ci illərdə azərbaycanlılara qarşı əldə silah döyüşmüş terrorçulardan 600 nəfər həbs olunub. Bununla yanaşı, Dağlıq Qarabağda və Ermənistanda hərbi baxımdan yüksək vəzifələr tutmuş bir çox generallar, orta dərəcəli zabitlərə qarşı müxtəlif cinayət işləri açılıbdır. Aparılan sosioloji araşdırmaların nəticələrinə görə erməni gənclərinin əksəriyyəti HƏRBİ XUNTA rejiminin devrilməsini, mülki cəmiyyətin güclənməsi ideyasını müdafiə edirlər. Qondarma Dağlıq Qarabağdakı hərbi xuntanın da devrilməsi ideyasına çox normal yanaşırlar. Eçmiədzin Kilsəsi isə ilk dəfə olaraq, liberal siyasi kursun yanında durmağa məcbur qalmışdır.

Qərbin donor siyasəti və Ermənistan

Çar Rusiyasının Qafqazı işğalından öncə, Çar Rusiyasının hakimiyyəti dönəmində və keçmiş Sovet İttifaqının idarəçiliyi zamanında Qafqazda iki bölgə özünü tam maliyyələşdirmə imkanına sahib olub. Bu, Azərbaycan və Çeçenistandır. Digər Qafqaz regionları hər zaman DOTASİYA sayəsində yaşayıblar. Bu gün də həmin proses davam edir. Gürcüstan müəyyən qədər bu sterotipi sındırmağa çalışır. Adıgey, Kabarda-Balkar, Qaraçay-Çərkəz, Şimali Osetiya, İnquşetiya, Dağıstan və Ermənistan hələ də dotasiya bataqlığından qurtula bilmirlər. Azərbaycan və Çeçenistan isə təbii sərvətləri, intellektual səviyyəsinə, coğrafi mövqelərinə, etnosiyasi durumuna görə öz iqtisadi, sosial və ictimai baxımdan problemlərini həll etməkdə heç bir çətinlik çəkmirlər. Ermənistanın isə durumu daha ağırdır. 1991-ci ildən 2008-ci ilə qədər dünya erməni lobbi və diaspor təşkilatları, xristian dininə məxsus humanitar qurumlar yetərincə İrəvanın arxasında durmuşdular. 1998-2018-ci illərdə mövcud olmuş HƏRBİ XUNTA rejiminin başında durmuş Robert Köçəryan və Serj Sərkisyan iqtidarları dotasiyalı Ermənistan siyasəti yürütdükləri üçün, digər yandan bütün yardımları öz şəxsi hakimiyyətlərinə sərf etdiklərinə görə bölgənin tamamilə səfalətli duruma düşməsinin səbəbkarı və günahkarları hesab olunurlar. Ona görə Qərbin dəstək verdiyi “antimüharibə” və “hərbi xunta” əleyhdarları hərəkatı addım-addım güclənməyə başladı. Beləliklə, Nikol Paşinyanın liderliyində 2018-ci il aprelində “məxməri inqilab”ı həyata keçirdilər.

Ötən həftə ABŞ-ın Dövlət Konqresində “erməni məsələsi”nə sorumlu olan Ceki Şpayerin təkilifi ilə “Ermənistanda demokratik islahatların həyata keçirilməsi” üçün 40 milyon dollar vəsait ayrıldı. Ötən həftə Avropa Birliyinin dəstəyi ilə Nikol Paşinyan iqtidarının aparacağı islahatlara dəstək üçün 25 milyon avro vəsait ayrılıbdır. Amerikanın Dövlət Departamentinin nümayəndəsi Riçard Mils bildirib ki, ötən illərdən fərqli olaraq bu il Ermənistana 26 milyon dollar dövlət yardımı ediləcəkdir. ABŞ-a məxsus “minilliyin çağırışı” korporasiyasının dəstəyi ilə Ermənistana 177 milyon deyil, 235 milyon dollar həcmində investisiyaların qoyulmasına başlanılıbdır. Avropa Birliyinin səfiri Pyotr Svitalski isə bildirib ki, bu ildə Ermənistana maliyyə yardımları 25 faiz artırılacaq. Avropa Şurasının nümayəndəsi Donald Tusk isə qeyd edib ki, təmsil olunduğu qurum İrəvana maliyyə və texniki yardımlarını ötən illərdən fərqli olaraq daha da gücləndirəcək. O da bəllidir ki, ötən illərdən fərqli olaraq, bu dəfə Qərbin maliyyə institutları Erməniastana göstərdiyi yardımları “ünvalı proyekt” adı altında həyata keçlirir. Yəni, bu dəfə göstərilən maliyyə dəstəyini heç kim mənimsəməyəcək. Dünya Bakı, Beynəlxalq Valyuta Fondu və digər maliyyə institutları bu prosedə yaxından iştirak etməyə başlayıblar. Bütün bunların qarşılığında tək bir şərt vardır: “ERMƏNİSTAN DEMOKRATİK” dövlət modelinə keçməli və bu istiqamətdə tələb olunan reformları aparmalıdır. Nikol Paşiyan iqtidarı isə, 2018-ci il aprel inqilabını “yarımçıq qalmış inqilab” adı ilə təlqin etməkdədir.

“Problem mənbəyi” Dağlıq Qarabağ rejimidir

Ermənistan məcbur olaraq, dotasiyalı bölgə statusunu saxlayan qondarma “Dağlıq Qarabağ” rejimini yemləməlidir. Çünki heç bir istehsal gücü olmayan, meyvə-tərəvəzin sayəsində büdcəsini doldurmaq imkanında olmayan Dağlıq Qarabağ rejiminin maliyyə durumu olduqca ağırdır. İrəvandakı yeni hakimiyyət isə, bu məsələdə Xankəndinə lazımi dəstəyi vermək gücündə deyil. Qonşu İran dövlətindəki bəzi şirkətlərin bölgədə fəaliyyət göstərməsi isə, sadəcə separatçı rejimin mənfəətlərinə xeyir gətirə bilir. Ermənistanın bir çox turist şirkətləri qondarma Dağlıq Qarabağ bölgəsinə tur-klaster siyasətini əlavə etmək istəsələr də, əvvəlki illərdən fərqli olaraq, bu sahədə uğursuzluğa düçar olurlar. Çünki İrəvanda şəffaflıq və vergi siyasətinin gücləndirilməsi mövcud böhranlara səbəb olan başlıca amillərdən biridir.

Rəsmi statistikaya görə “DQ” rejiminin 18 min 500 nəfərlik ordusu vardır. Heç bir maliyyə gücü olmayan rejimin bu qədər sayda hərbi kontigenti saxlamaq gücü də iflasa uğramaqdadır. İndiki halda görünən odur ki, hərbi xunta siyasətinin içində olanlara qarşı məhkəmələrin qurulması sayəsində onların hakimiyyətdə təmsil olunmalarının qarşısı alınmaqdadır. Robert Köçəryana bu gün məhkəmə davası açanlar,sabah da qondarma Dağlıq Qarabağ rejiminin rəhbərlərini yalnız qoyacaqlar.

Ə. Yusifoğlu