Otdan qorxan futbolçular

7 May 2013 09:21 (UTC+04:00)
Zamin Hacı

Bizdə bir çox idman növlərinin niyə inkişaf eləmədiyinin səbəbləri düşündürücüdür. Təəssüf ki, bu barədə düşünən yoxdur, məcburam bunu da özüm düşünüm. Hərçənd, o qədər vecimə deyil hansı idman növü inkişaf elədi, ya eləmədi. MOK sədri deyiləm, bədən tərbiyəsinə də ümumi tərbiyənin bir parçası kimi baxıram. Əgər insan tərbiyəsizdirsə, onun bədəni tərbiyəli olsa, yəni, idman eləsə nə dəyişəcək?

Ancaq öz-özlüyündə idmanın növləri üzrə analizlər aparanda çox maraqlı, gözlənilməz, bir qədər də əyləncəli nəticələrə çıxa bilirik.

Məsələn, bizdə güləş növləri niyə inkişaf edib? Çünki burda badalaq vurmaq, rəqibi qoltuqlamaq, adamı yıxıb minmək kimi mentalitetimizdə alqışlanan, hər kişiyə baş ucalığı gətirən detallar var. Deyəcəksiniz bunu hamımız bilirik. Razıyam. Bəs futbolun niyə tərəqqi tapmadığını bilirsinizmi? Yox. Bunu mən özüm də təzəlikcə kəşf eləmişəm. Yaşadığımız ərazidə balaca park var, prezident onun açılışına gələndən sonra mən bu kəşfi etdim.

Qabaqlar bu park meşə kimi bir yer idi, hər yan ağaclar, torpaq, vəhşi ot və çiçəklərlə örtülürdü. Rayon icra hakimiyyəti guya parkı təmir elədi, dövlətin hardasa 2 milyon manata yaxın vəsaitinin başına daş saldılar, ağacları qırdılar, o təbii gözəlliyin də üstünü dəmir-beton, metlax örtüklə bağladılar, adı oldu "yeni park". Çox biabırçı şeydir. Mən bilmirəm yapokratların ağlına bunu kim salıb, ancaq oralarda bir nəfər ağıllı adam varsa desin ki, daş örtüklə park olmur. Sözüm bunda deyil əslində, yeri düşdü yazdım.

Həmin "yeni parkda" daş örtüklərin arasında bir-iki metrlik otluqlar da qayırıblar. Ancaq o qazonun üzərinə çıxmaq bu saat dövlət çevrilişi eləmək kimi bir şeydir. Parkda gəzişən ailələrin balaca uşaqları qələt eləyib qazonun üstünə çıxan kimi dərhal dörd yandan qarovulçular tökülüşür, uşaqları qovurlar. Nəticədə həmin uşaqlarda yaşıllıq fobiyası, qazon qorxusu yaranır.

Avropada insanlar qazonun üstündə rahat gəzirlər. Bizdə isə hər yerdə otun üstünə çıxmaq qadağandır. Otun üstünə çıxmaq qorxusu uşaqların böyüyüb futbolçu olmasına maneə yaradır. Hər bir azərbaycanlı futbolçu stadionda gəzişərkən (məhz gəzişərkən, çünki bizimkilər oynamır) daim qorxu, basqı altında olur, fikirləşir ki, indi bu dəqiqə qarovulçu gələcək, məni çəmənlik üzərindən qovacaq.

Bu günlərdə Bakıda velosiped turniri keçirildi, paytaxt küçələri neçə gün bağlı qaldı, sürücülərin, piyadaların söyüşünün biri bir qəpiyə düşdü. Halbuki, Bakıda adi vaxtda velosiped sürməyə uyğun bir küçə də yoxdur. Səkiləri belə dükan yeri üçün satıblar. "20 yanvar" metrosunun üstündə yeganə velotrek var idi, orda da yarmarka açılıb. Elə yarışdan verilən xəbərlərdən bircə cümləyə baxmaqla ölkəmizdə velosiped idmanının vəziyyəti aydınlaşır: "Azərbaycanın "Synergy Baku Cycling Team" komandasının idmançısı Şvaytser Kristof 7-ci, Surutkoviç Oleksandr isə 15-ci olmuşdur". Bu komandanın, idmançıların Azərbaycana dəxli nə qədərdirsə, mən də o qədər Norveç kralıyam.

İndi bilirəm, intizarla gözləyirsiniz ki, ölkədə velosiped idmanının niyə inkişaf eləmədiyini yazım. Əslində yuxarıda bir az yazdım: yol yoxdur. İkinci səbəb isə bu idman federasiyasına rəhbərliyin Fazil Məmmədova tapşırılmasıdır. Məmmədov vergilər naziridir. Vergilərlə velosipedin bir-birinə dəxli də yəqin adlarının "ve" ilə başlamasıdır. Yazıq Fazil bəy tək velosiped pedalı fırlatsa nə vardı? Adam eyni zamanda güləş və otüstü hokkey federasiyalarına da başçılıq edir. Əgər velosiped, hokkey və güləş arasında əlaqəni tapan olsa, ona Oskar mükafatı verəcəyik. Üstəlik, adam vergilərdən yığılan pullarla 3 əlaqəsiz federasiyanı necə yaşatsın?

Velosipedi təzədən kəşf eləmək Azərbaycanda velosiped federasiyasına sədrlik eləməkdən asandır. Eyni zamanda, sadə insanlar da velosiped sürənlərə nifrətlə yanaşır, "bizim ödədiyimiz vergilərə bax, gedir" söylənirlər.

Əgər oxucular xahiş etsələr ölkəmizdə sinxron üzgücülüyün niyə inkişaf etmədiyini də izah edə bilərəm. Yəqin televizorda görmüsünüz, qəşəng qızlar suyun içində mahnı çalıb, oynaqlaşırlar.

AzNews.az