Əvvəl əxlaq, sonra Azad Söz

7 May 2013 11:05 (UTC+04:00)
Orxan Fikrətoğlu

Azadlıq nisbi anlayışdır. Azadlıq çox olanda xaosa çevrilir. Azadlığın azlığı da, çoxluğu da, ifrat pafosu da, mütləq deyil. Mütləq Azadlıq, əxlaqsız və hüquqsuz cəmiyyətlərdə anarxiyaya çevrilir. Mütləq azadlıq ən əvvəl dəmir daxili nizam intizamı olan insan toplumlarında mövcud ola bilər. Azadlıq qanunların aliliyi işlək olan yerlərdə mükəmməl olur. Söz insan düşüncəsini, əməl və arzularını ünsiyyət vasitəsi ilə aydınlaşdıran fiziki göstəricidir. Deməli, Azad söz ən əvvəl azad başda, azad və əxlaqlı ruhu olan bədəndə yarana bilər.

Mənim üçün azad söz, ən əvvəl azad sözün işləndiyi coğrafiyanın Azadlıq anlayışının dərkindən başlanır. Azadlıq ən əvvəl yüksək mədəniyyət, əxlaq, daxili senz, məsuliyyətdir. Adam var bir az boş buraxırsan, səninlə elə zarafat edir ki, gərək vurub öldürəsən. O adam, sənin azadlıq ərazinə daxil olmasını anlamır ki. Onun dərki, ağlı, mədəniyyəti, yumor hissi bu qədərdir. Və sənin azadlıq ərazinə girib girməmək məsuliyyəti də yoxdur. O dardır. Deməli, Azadlıq anlayışının birinci tezisi budur. Azadlıq ən əvvəl ətrafındakının azadlıq ərazisinə daxil olmamaqdır.

Əgər Azadlıq istəyirsənsə, qarşında dayananın azadlığına da hörmət et. Sənə qadağalar da qoyular. Sənə hüdudsuz azadlıqlarda da verilər. Hər iki halda sən dövlətin, xalqın və cəmiyyətin qarşısında məsuliyyət daşıdığını unutmamalısan. Azad söz jurnalistin cəmiyyət, qarşısında daşıdığı məsuliyyətindən başlanır. Gerçək jurnalistika tərəfsiz, qütbsüz, olanı olan kimi görən jurnalistikadır. Jurnalist əslində əsgər kimi siyasətə dəxli olmayan, ictimai maraq kəsb edən xəbəri olduğu kimi cəmiyyətin müzakirəsinə çıxaran, üzsüz ötürücüdür.

Jurnalistin təkəbbürü, cəmiyyətdə gəlirli mövqeyi varsa, o heç vaxt obyektiv ola bilməz. O, artıq tərəfdir. Və olduğu tərəfin marağındadır. Jurnalist jurnalistika nəzəriyyəsindən çıxanda, nəticəsi olmayan mətnlər yazıb, hər hansı bir hadisəni bir bucaqdan işıqlandıranda, çox vaxt anlamır ki, xəbərə müdaxilə etməklə o ən əvvəl, cəmiyyətdə biganəlik sindromunu yaradır. Bu isə çox qorxulu tendensiyadır. Sabah düz xəbərə də biganə qalacaq əhali qorxuludur.

Deməli, Azad sözə aid mənim ikinci tezisim budur ki, jurnalistika əhalini tərəfsiz doğruya öyrətməlidir. Azərbaycan jurnalistikasının bugünkü gerçəkliyində bir anti-peşə şərti var ki, mən bu kiçik vaxt kəsiyində mütləq ona toxunmalıyam. Bu şərt, dövlət tərəfindən jurnalistikanın maddi və hüquqi bazasının tənzimlənməsi kimi tənzimlənə bilməz. Bu şərti Avropa institutları da yalançı ingilis layihələri kimi bizə aşılaya bilməz. Bu şərt jurnalistin işindəki jurnalist məsuliyyətidir. Ən vacib azad davranma atributu olan jurnalist məsuliyyəti istənilən sağlam cəmiyyətin avanqardıdır.

Sən məlumat seçəndə, hər hansı bir hadisəni şərh edəndə, kiməsə böhtan və ya şər atanda mütləq məsuliyyət daşıdığını anlasan, ən əvvəl özünə, peşənə hörmət etsən, birgəyaşayış normalarına, ənənəyə, sadiq olsan, cəmiyyətin hirsi və əxlaqını da tənzimləmiş olarsan. Təhqir, hər hansı bir opponentin çıxışına cavab yazma, başqasının şəxsi həyatına müdaxilə etmə jurnalist nəzəriyyəsində yoxdur. İctimai xadim və ya hər hansısa bir məmur şəffaf deyilsə, bunun üçün hüquq mühafizə orqanları var. Sarı mətbuat, göy mətbuat, qara və nə bilim daha nə rəng mətbuat, əgər Avropada varsa, mütləq bizdə də olmalıdır? Sarı mətbuat Avropa əxlaqındadır. Gəldik dördüncü tezisə. Azad söz məkanında mütləq cəmiyyətin əxlaq normaları nəzərə alınmalıdır. Ənənə düşünülməlidir.

Mən dediyim anlayışları hüquq tənzimləmir. Mən dediklərimi jurnalistə Ali məktəblərdə də öyrətmirlər. Mən sizə jurnalist əxlaqından danışıram. Və fikrimcə jurnalistikanı, Azad və ya Qapalı sözü tənzimləyən ən vacib şərt jurnalistin əxlaqı, onun savad və peşə vicdanıdır. Bunlar isə insan da ya var, ya yoxdur. Biz nəyiksə buyuq. Bizi bizə tanıtmaq, bizi bizə anlatmaq də bir peşə deyil. Amma bu, bizim işimizdir. Bizimki də belə gətirib... Necə ki, həkimə gedəndə vicdanını fiziki olaraq müalicə edə bilmir ha...əsil jurnalist də elədir. Var, Səni idarə edir. Amma görünmür, yoxdur..?

AzNews.az