"Valideynlər o qədər oyuncaq alır ki, uşaqda oyuncağa asılılıq yaranır" - Psixoloq rəyi

4 İyul 2019 12:01 (UTC+04:00)

Müasir dövrümüzdə uşaqları oyuncaqsız təsəvvür etmək qeyri-mümkündür. Oyuncaqlara münasibət isə valideynlər tərəfindən fərqlidir: Kimisi oyuncağı uşaqları məşğul edən vasitə, kimisi də valideyn üçün pul tələsi hesab edir. Əksər valideynlər oyuncaqları alan zaman onların uşaqlarına necə təsir edəcəyi barədə düşünmürlər. Bəs oyuncaqların uşaqlara, onların sağlamlığına, psixologiyasına mənfi və müsbət təsirləri nələrdir?

Mövzunu psixoloq Gülnar Orucova ilə davam etdirdik. O, AzNews.az-a müsahibəsində bəzi detalları açıqladı.

Image result for psixoloq Gülnar Orucova

- Uşaqların həddən artıq oyuncaq aludəçisi olmaqları normaldırmı?

- Uşaqlar oyun vasitəsi ilə öyrənir, oyun vasitəsi ilə özlərini inkişaf etdirir, məntiqi analizlərini gücləndirirlər. Buna görə də uşaqların oyuncaqla oynamaq istəməkləri təbii ki, yaxşı bir şeydir. Uşaqlarda, əsasən, səkkiz ayından etibarən əşyalara maraq yaranır və onlar oynamaq istəyirlər. Həmin aylarda onlarla səs çıxardan oyunlar oynamaq lazımdır. Səs çıxardan oyunlar nədir? Səs çıxardan oyunlar elədir ki, oyuncaq səs edəndə uşaq səs gələn istiqamətə baxır və təyin etməyi öyrənir. Əgər göz koordinasiyasını inkişaf etdirmək istəyirlərsə, uşağa 8 ayından o tipli oyuncaqlara üstünlük vermək lazımdır.

- Onların yaşlarına uyğun olaraq hansı oyuncaqları almaq olar?

- Oyuncaq alarkən uşaqları inkişaf etdirən oyuncaqlara üstünlük vermək lazımdır. 2 yaşından yuxarı uşaqlara heyvan səsləri çıxaran, heyvan və meyvə fiqurlu, ətraf aləmi dərk etməyi öyrədən oyuncaqları almaq daha məqsədə uyğundur. 3 yaşından etibarən uşaqlara daha çox məntiqi təfəkkürü, analizi inkişaf etdirən oyuncaqlar almaq uyğundur (Yəni rəngləri, fiqurları əks etdirən və s.).

4 yaşdan yuxarı uşaqlara yaşlarına uyğun pazllar almaq olar. Hazırda 2 yaş 6 aylıqdan etibarən dünyada pazlların yığılmasına başlanılıb.

Biz uşağımızı özümüz pis yerlərə, pis istiqamətə yönləndiririk. Uşağımızı sakit durmaq üçün, ağladığı zaman rüşvətxorluğa öyrətmiş oluruq. “Sən sakit dursan, mən sənə mağazadan filan oyuncağı alacam”. Amma anlamaq lazımdır ki, müəyyən yerlərdə sakit durmaq uşağın borcudur, müəyyən yerlərdə isə onu susdurmağa sizin haqqınız yoxdur. Məsələn, nəqliyyat vasitəsində uşaq anasından nəsə soruşur. Ana uşağın əlinin üstünə vuraraq "sus" deyir. Elə şeylər var ki, onları uşaqlara başa salmaq lazımdır. Uşaq gün ərzində 70 sual verməlidir və biz o sualları cavablandırmaqla uşağımızın beyninin inkişaf etməsinə kömək etmiş oluruq.

Image result for oyuncaqlar

- Oyuncaq alarkən valideynlər hansı nüansları unutmamalıdırlar?

- Bəzən valideyn uşaqlarına elə oyuncaqlar alır ki, hətta onun oynanılma qaydasını heç özü tapıb uşağına təqdim edə bilmir. Ancaq oyuncaq seçimi edərkən çox zaman valideynlər düzgün seçim etmirlər. Keyfiyyətsiz materialdan hazırlanmış oyuncaqlar alırlar. Hansı ki, bu oyuncaqlar qısa müddət ərzində öz fəsadlarını göstərir. Məsələn, elə oyuncaqlar alır ki, hətta o oyuncaqların rəngi çıxır və təbii ki, bunun da uşağa mənfi təsirləri olur.

Valideyn əsasən oyuncaq alanda uşağın yaşına diqqət etməlidir. Bəzən böyük yaşlı uşaqlara elə oyuncaqlar alırlar ki, halbuki onu 3-4 yaşlı uşaqlar istifadə etməlidir. Bəzən də əksinə olur. Bu da onun psixologiyasına mənfi təsir göstərir.

Oyuncaq alarkən uşağın qavrama bacarığı mütləq nəzərə alınmalıdır. Valideyn bilməlidir ki, onun uşağı bu oyuncaqla oynamağı bacaracaq ya yox. Uşaqlara daha çox öyrədici oyuncaqlar alınmalıdır. Məsələn, kartlar. Uşaqlar kartları sevmirlər. Amma kartlar, lotolar uşaqları daha yaxşı inkişaf etməyə kömək edir. Valideynlər isə nədənsə uşağa kukla və ya maşın almağa can atırlar. Ancaq nəzərə almaq lazımdır ki, bir uşaq əgər 6 yaşındadırsa yenə də həmin oyuncağı, yəni, maşını alırlarsa, o uşaqdan inkişafdan söz gedə bilməz. Davamlı eyni tip oyuncaqları uşaqlarınıza almayın.

- Yəqin ki, uşaqların psixologiyasına təsir edən oyuncaqlar var. Belə oyuncaqların satışının qarşısını necə almaq olar?

Image result for oyuncaqlar

- Uşaq psixologiyasına təsir edən oyuncaqlar var ki, görürük qız oyuncağıdır, amma bədəni oğlandır. Bu da uşaqlarda diqqət yaradır ki, niyə bunun başı qızdı, bədəni oğlan. Bu tip oyuncaqları aldıqdan sonra valideyn qaytarmağa utanır.

Ümumiyyətlə, uşaqlara valideynlər o qədər oyuncaq alır ki, uşaqda oyuncağa asılılıq yaranır. Uşaq lazım oldu, olmadı lazımsız oyuncaqları seçir, aldırır. Hansı ki, bu oyuncaqlardan yararlanmır, onların ona heç bir faydası yoxdur.

Bəzən elə oyuncaqlar olur ki, məsələn, digər komandanın üzvlərini məhv etmək, nəyisə dağıtmaq, yəni bu tipli oyuncaqlar uşaqlarda aqressivlik yaradır. Bu tip oyuncaqları almamaq tövsiyyə olunur.

Bir şeyi qeyd edim ki, bir oyuncağı biz almırıqsa, onu istehsal edən şəxslər baxacaqlar ki, bu oyuncağa tələbat azdır və onun istehsalını dayandıracaqlar. Əksinə, biz bir oyuncağı çox alırıqsa, onun istehsalı artacaq. Götürək “stress çarx” deyilən oyuncağı. Əslində o zərərli bir şeydir. Amma buna baxmayaraq bütün valideynlər onu övladına alır Ona görə də həmin oyuncağın istehsalı daha çox olur və şirkətə böyük qazanc gətirir. O “stress çarx” da bizə lazım olmayan oyuncaqlardan biridir.

Image result for oyuncaqlar

Səidə Vahid

AzNews.az