“Qapını bağlayıb, min hoqqadan çıxırlar, belə tərbiyə müəssisəsi olar?”

7 May 2013 12:24 (UTC+04:00)



Zərdab rayon Alıcanlı kənd sakini Rzayeva Fəzilə AzNews.az-a qarşılaşdığı haqsızlıqlarla bağlı şikayət məktubu ünvanlayıb.

Şikayətçi bildirir ki, Zərdab rayonun Alıcalı kəndində doğulub, boya-başa çatıb, Sabir adına Məktəbəqədər Pedaqoji Texinkomu bitirib. İlk əvvəl Gödəkqovuda, sonra isə Callıkəndində bağça müdiri işləyib. Rayon Təhsil Şöbəsinin müdirinin göstərişi əsasında Alıcanlı kəndidə bağça açdırıb və həmin bağçanı öz maddi imkanları hesabına təmir etdirib. Bağçaya direktor təyinatı məsələsi reallaşanda isə F.Rzayeva kənarda qalıb. Elə əsl müsübətlər də bundan sonra başlayıb.

F.Rzayeva deyir ki, həmin vaxt bağçaya Nuridə adlı birisini müdir qoydular: "Dedim ki, bəs mən? Mənə cavab verdilər ki, sənin iş məsələnə sonra baxacağıq. Bunun üstündən 4 ay keçdi. Həmin müddətdə bütün işçilərin əmri verilmişdi, məndən savayı. Dedim ki, bu bağçanı mən öz maddi imkanlarımla açdırmışam. Mal-qaramı da satıb bağçanın təmirinə qoymuşam. Axırda gördüm ki, bunlar mənə iş vermək istəmir, verdim məhkəməyə. Məhkəmə çəkişməsindən sonra Nəsimi müəllim məndən ərizə aldı, dedi ki, böyük qrupda tərbiyəçi işlə".

Bircə aydan sonra isə F.Rzayevanın əmək kitabçasına qara möhür vurulur. Şikayətçi xanımın bildirdiyinə görə, onu tikdirdiyi bağçadan düz 3 dəfə işdən çıxarıblar. Axırda millət vəkili Qənirə Paşayeva işə qarışıb: "Qənirə xanımın qəbuluna gəldim. O, məni dinlədi. Zəng edib rayon rəhbərliyinə dedi ki, qanunsuzluğu araşdırın. Elə etməyin ki, o bağçanı bağlayaq. İxtisaslı kadrlar işlə təmin olunmalıdır".

Qənirə Paşayevanın zəngindən sonra Rzayeva sözügedən bağçada 0,5 ştatı ilə işə götürülüb. Amma qəfildən sözügedən bağçaya orta təhsilli Mehparə Vəliyeva adında birini müdir təyin ediblər. Məsələ ilə bağlı o, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevin qəbulunda olub. Babayev onu 4 saata kimi dinləyib və məsələnin araşdırılması ilə bağlı göstəriş verib. Araşdırmadan sonra Babayev Rzayevaya haqsızlıq olunduğunu bilib, onun həmin bağçanın müdiri təyin olunması ilə bağlı göstəriş verib. Amma proses bağçanın təhvil-təsliminə çatanda başçı sözündən dönüb:

"Bunu edən onun müavini Alahverdi Səfərovdur. O, Alıcanlı kənd icra nümayəndəsi Əsədovla birləşərək bağçanı dağıdır. Bütün bağça onların qohum-əqrəbalarıdır. Hər gün bağçaya 1500 manatdan yuxarı ərzaq gəlir. Onun yarıdan çoxu bu ailənin evinə gedir. Onlar istəyir ki, məni başlarından eləsinlər. 0,5 ştatı da əlimdən almağa can atırlar. Nədir ki, mən onların əli əyriliyini görürəm. Hələ bu harasıdır? Bağça müdiri tərbiyə müəssisəsində əxlaqa zidd hərəkətlər edir. Gündə bir kişi gəlir. Qapını bağlayıb, min hoqqadan çıxırlar. Qapını bir də axşam açırlar. Belə tərbiyə müəssisəsi olar? Orada uşaqlar hansı tərbiyənin sahibi olacaq? Bağçada 16 işçi var. Onun arasında bircə nəfər ixtisaslı kadr var, o, da mən, vəssalam. Hazırda müdir işləyən Mehparə Vəliyeva orta ixtisaslıdır. Qanunla onun bu vəzifəni daşımaq səlahiyyəti yoxdur. Bu səlahiyyəti ona Səfərov verib. Səfərov onun bacısı Bəsti Vəliyeva ilə yaxındır. Lütfəli müəllim Mehparəni işdən çıxarmaq istədi. Amma Səfərov Əsədov vasitəsi ilə Alıcanlı kəndindən yığdığı 5 min manat pul və 10-a yaxın heyvanı onun qapısına tökəndən sonra başçı sözündən döndü. Lütfəli Babayevin başqa əlacı yox idi. Səfərov Lütfəlinin pul yığanıdır. O, bundan başqa ikinci bir adamdan pul götürmür".

F.Rzayevanın bildirdiyinə görə, o, ikinci dəfə yenidən L.Babayevin qəbuluna girməyə can atsa da Səfərov buna imkan vermir: "Mən bir şeyi anlaya bilmirəm, bağça məsələlərinə Rəhman Feyzullayev baxır. Rəhman olan yerdə Səfərov özünü ortaya niyə atıb?"

Bağça müəlliməsi başına gələnlərlə bağlı AzNews.az vasitəsiylə ölkə başçısı İlham Əliyev və millət vəkili Mehriban xanın Əliyevaya müraciət etdi: "Möhtərəm prezident və ölkənin birinci xanımı! Alıcanlı kənd bağçasında baş alıb gedən tərbiyəsizliyin qarşısının alınmasında mənə yardım edin. Ümidim yalnız sizədir" .


Bahar Rüstəmli
AzNews.az