Deputat: “Milli Observatoriyanın yaradılması...”

5 İyul 2019 12:49 (UTC+04:00)

“Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılması vacibdir. Ona görə də Prezident İlham Əliyevin bununla bağlı fərmanını müsbət qiymətləndirirəm”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.

O bildirib ki, "Milli iqtisadiyyatın inkişafı üzrə Strateji Yol Xəritəsində" nəzərdə tutulan məsələlərdən biri də sosial müdafiə və əmək bazarının öyrənilməsi və gələcək perspektivlərinin müəyyənləşdirilməsidir: “Qarşıda duran əsas məsələlərdən biri də işsizlik və məşğulluq məsələlərinin həlli ilə bağlıdır. Bütün dünyada bu məsələ problem olaraq qalır. Dünya əhalisi artır, yeni iş yerlərinin yaradılması imkanları məhdudlaşır. Müasir texnologiyaların tətbiqi işçi qüvvəsinə tələbatı azaldır, yəni ixtisarlar baş verir. Belə bir şəraitdə elə optimal variant seçmək lazımdır ki, həm insanlar işlə təmin edilsin, həm də iqtisadiyyat inkişaf etsin. Nəzərə almaq lazımdır ki, Azərbaycan əhalisi ildə 100-110 min nəfər artır. Əmək bazarında ildə ən azı 100 min yeni iş yeri yaradılmalıdır. Burada bağlanan iş yerlərini də nəzərə almaq lazımdır. Planlaşdırılan iş yerləri hansı istiqamət üzrə, harada açılmalıdır? Bunu öyrənməkdən ötrü elmi-tədqiqat xarakterli publik-hüquqi şəxsin yaradılmasına ehtiyac vardı”.

M.Quliyev qeyd edib ki, sosial müdafiə çoxşaxəli siyasi platformadır, burada öncədən proqnozlaşdırılma, aparıcı sahədə trendlərin müəyyənləşdirilməsi və tətbiq edilməsi çox vacibdir: “Yəni bu gün fikirləşdim, sabah hansısa sosial müdafiə elementi tətbiq edəcəm, bu, siyasət deyil və bununla uğur qazanmaq olmaz. Ölkədə proqnozlaşdırılma vacibdir. Məsələn, Azərbaycan 5 ildən sonra pensiyaçıların, işsizlərin və s. sayının nə qədər olacağı müəyyən edilməlidir. Sosial müdafiə stategiyasını buna uyğun qurmaq lazımdır. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılması çox vacib idi. Düşünürəm, bu, həm iqtisadiyyata, həm də sosial müdafiə siyasətinə çox böyük töhfələr verəcək”.

Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 4-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında fərman imzalayıb. Fərman əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün monitorinq və proqnozlaşdırma sisteminin yaradılması məqsədilə imzalanıb.(report.az)

AzNews.az