Küçədə qalan yaşlı kişi sığınacağa yerləşdirildi - FOTOLAR

5 İyul 2019 16:32 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakıda çətin həyat şəraiti sürən 84 yaşlı I qrup gözdən əlil Fayaz Məhərrəmovu sosial sığınacağa yerləşdirib.

Bu barədə nazirliyin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Fazil Talıbov məlumat yayıb.

O qeyd edib ki, F. Məhərrəmov yaşayış yeri olmadan Bakıda yaşayıb: “Həmin ahıl şəxsin bildirdiyinə görə, uzun illər əvvəl övladı ona məxsus evi sataraq, biryolluq tərk etdikdən sonra belə çətin duruma düşüb. Bir müddət həbs həyatı yaşayıb, sonralar isə müxtəlif məkanlarda qalıb.

Bu gün Fayaz Məhərrəmov əməkdaşlarımız tərəfindən nazirliyin Sosial Sığınacağına gətirilib. Burada tibbi müayinədən keçib, stasionar şəraitdə zəruri sosial-məişət xidmətləri ilə təmin edilir. Onu da bildirək ki, F.Məhərrəmov hazırda yaşa görə əmək pensiyası ilə təmin olunur.

Eyni zamanda, əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslərə də cari il aprelin 1-dən Prezidentin aylıq təqaüdünün təyin olunmasına başlanıb.

I qrup gözdən əlil olan F.Məhərrəmovun da həmin aylıq təqaüdlə təmin olunması üçün artıq sənədləşmə işlərinə başlanıb. Həmçinin ötən üç ayın (aprel, may, iyun) ödənilməmiş təqaüdləri də toplam halda ona ödəniləcək”.(qafqazinfo.az)


AzNews.az