Çeçenlərlə azərbaycanlılar arasındakı silahlı insidentin təfərrüatları

7 May 2013 13:26 (UTC+04:00)
Rusiya paytaxtında azərbaycanlılar və çeçenlər arasında baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub. APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, çeçenlərlə azərbaycanlılar arasında mübahisə bir neçə ay əvvəl başlayıb.

Mübahisəyə səbəb çeçenlərin İsmayılovlar ailəsinə məxsus ikinci əl avtomobil satışı və avtomobillərin ehtiyat hissələrinin satışı ilə məşğul olan firma və avtosalona sahiblik etmək istəyi olub. Böyük gəlir gətirən bu avtosalonu ələ keçirmək istəyən çeçenlər dəfələrlə İsmayılovlar ailəsinə hədə qorxu gəliblər.

Qeyd edək ki, qətl hadisəsi baş verməmişdən bir müddət əvvəl İsmayılovlara məxsus avtosalon yandırılıb. Lakin avtosalonun kim və ya kimlər tərəfindən yandırılması müəyyənləşməyib.

Çeçenlər məsələyə nöqtə qoymaq üçün bu dəfə silahlanaraq avtosalona gəliblər. Mayın 5-də Moskva vaxtı ilə 20:30 radələrində onlar arasında mübahisə düşüb. Çeçenlər özləri ilə gətirdikləri silahları tətbiq ediblər. Bu zaman 1984-cü il təvəllüdlü Ramil İsmayılova silahdan atəş açılıb. Çiyin və döş nahiyəsindən güllə yarası alan Ramil İsmayılov hadisə yerində dünyasını dəyişib. Onun atası 1957-ci il təvəllüdlü İlham İsmayılov isə boğaz nahiyəsindən yaralanıb.

Hadisəni törədən Çeçenistan vətəndaşları 31 yaşlı R. Bersanov, 32 yaşlı A. Şamilev, 35 yaşlı A. Oçerhacıyev və 28 yaşlı Ş. Əliyev hadisə yerindən qaçmağa müvəffəq olsalar da, az sonra paytaxtın Volqoqrad prospektində "Mercedes Galenvagen" markalı avtomobildə saxlanıblar. Onların üzərindən silahlı insidentdə istifadə olunan "Sayqa" silahı, 2 ədəd travmatik tapança aşkarlanaraq götürülüb.

Saxlanılan Çeçenistan vətəndaşları polisə qətl hadisəsi ilə əlaqələrinin olmadıqlarını, paytaxta keçiriləcək parad münasibəti ilə gəldiklərini söyləyiblər.

AzNews.az