O günü saytların birində məni öldürmüşdülər - Musa Yaqub

6 İyul 2019 11:16 (UTC+04:00)

Tanınmış yazıçı Şərif Ağayar İsmayıllının Buynuz kəndinə gedərək Xalq şairi Musa Yaqubla söhbət edib.

AzNews.az həmin söhbəti sizə təqdim edir:

- Musa müəllim, necəsiniz?

- Arada yaxşı deyildim. Elə bildim, yol üstəyəm, gedirəm. Sonra Allah möhlət verdi mənə. Özümə gəldim. İndi şükür, yaxşıyam xeyli.

- Hamı sizinlə maraqlanır, sizə sevgi çox böyükdür.

- Hə, o günü saytların birində məni öldürmüşdülər də (gülür). Gördüm, qəfil dalbadal zənglər gəldi. Çoxu deyirdi danışan özünsənmi? Mən də bilmirəm nə cavab verim. Sən demə, belə bir xəbər yayılıbmış. Axırı Sabir Rüstəmxanlı məsələni açdı mənə dedi.

Image result for musa yaqub artkaspi

- Belə məqamlarda bir inanc yada düşür: ömrünüzü uzadıblar!

- Bu inancı mən də eşitmişəm. Amma nə qədər olmasa, bu cür xəbərin yayılması yaxşı hal deyil. İnanan olur, inanmayan olur. Nə bilim.

- O məşhur dağdağan ağacının yanına axırıncı dəfə nə vaxt getmişiniz?

- Səkkiz ay əvvəl.

- Körpünü keçmək çətindir sizə?

- Yox, körpünü keçirəm, pilləkənləri qalxa bilmirəm. Həm də... (duruxur) İstəmirəm dağdağan məni belə görsün. Bilirsiniz nə olub? Dağdağanın bütün yarpaqları deşik-deşik olub.

- Sizcə nəyə görə?

- Dünyada o qədər haqsızlıqlar olur ki! O ağac hiss edir hamısını. Canına çəkir. Pisliyi zərərsizləşdirəndə zəfər özünə dəyir.

Image result for musa yaqub artkaspi

- Bəlkə siz xəstələndiyiniz üçün elə olub?

- O da ola bilər.

- Xəstəliyinizin güc gələn vaxtı dağdağandan kömək istədiniz?

- Allahdan istədim.

- Sizcə, dağdağan da ona bağlıdır?

- Hər şey ona bağlıdır. Baxın, (əlindəki əsanı göstərir) ağaclara o qədər şeir yazdım, mənə qalan bu oldu. Dünyanın quruluşu belədir.

- Şeir yazırsınız?

- Sinəmə nələrsə gəlir, yazıram, amma əllərim əsdiyi üçün sonra xəttimi oxuya bilmirəm. Yaddaşımda da qalmır. Bəzən deyirəm, uşaqlar yazır. Unudanda dirəşirlər ki, nə oldu, de, de. Elə bilirlər demək asandır (gülür). Şeir yazmaq çox çətin işdir. Mən bundan həmişə qorxmuşam. Bir dəfə Cülyan kəndində ləzgilərin çayxanasına getmişdim. Çoxlu maşın vardı. Oğlum dedi, basırıqdır, getməyək. Dedim, yox, gedək görək bu camaat məni tanıyırmı. Bir ağsaqqala yaxınlaşdım. Məni tanıdı, stoluna dəvət edib bir şeirimi oxudu. Şeiri o qədər gözəl oxudu ki, qorxdum, məni ağlamaq tutdu.

- Niyə, Musa müəllim?

- Qorxdum ki, bir də elə şeir yaza bilməyim!

- Hansı şeir idi?

- ...Sən mənim qədrimi bilənə kimi... Bu şeir idi.

- Yazdınız axı. Bundan sonra “Taleyin qisməti”, “Bu dünyanın qara daşı göyərməz” kimi gözəl şeirlər yazıldı.

- Yazıldı. Mən sadəcə həmin andakı hissi deyirəm. Şeirin məsuliyyətini həmişə anlamışam. İndi deyirlər, Nizamidi, Xaqanidi böyük şairlərdir. Elə-belə söz deyil bu. Böyük şair olmaq asan deyil.

- Sizin haqqınızda da böyük şair ifadəsini işlədirlər.

- Mən özümü nəinki böyük şair, heç şair saymıram.

- Bəs kimsiz?

- Bir havadı, haldı düşürəm və nələrsə yazıram. Böyük iddialarım yoxdur.

- Məncə, ilk dəfə sizə Xalq şairi titulunu Cülyan kəndindəki o ağsaqqal verib.

- Şeirlərimi əzbər bilənlər çoxdur.

- Amma sizi o cür təsirləndirən o olub.

- Hə, orası düzdür.

На данном изображении может находиться: 3 чеÐ

- Xalq şairi olmaq necə hissdir? Nə dəyişdi həyatınızda?

- Ən yaddaqalan dəyişiklik ondan ibarət oldu ki, işdən çıxarılan kürəkənimi işə qaytardılar (gülür). Həm də, etiraf edim, mənə, müalicəmə diqqət daha da artdı.

- Demək, lazım imiş.

- Demək.

- Musa müəllim, sizi çox yormaq istəmirəm. Son olaraq bir sual da verim: sizi niyə bu qədər çox istəyirlər?

- Bilmirəm. Amma bu sevgini hamıdan hiss edirəm. Oxucularımdan da, dostlarımdan da. Etiraf edim, yanıma adam gəlməyəndə darıxaram. Ən çox da gənc qələm adamları gələndə sevinirəm.

- Sizcə, yaxşı adam olmaq çətindir, yaxşı şair?

- Yaxşı adam.

- Yaxşı adam olmadan yaxşı şeir yazmaq necə, mümkündürmü?

- Mümkün deyil.

- Müsahibə üçün çox sağ olun. Allah sizə can sağlığı versin...

- Siz də sağ olun. (Kulis.az)