Başqa bir tanışımızsa kənddə yaşayır. Həyətində olmayan meyvə ağacı yoxdur. Dolanışığının bir qismi onlardan çıxır. Söyləyir ki, hər il meyvələrini qapıdan gəlib alırlar, hamısı da alverçilərdir. Ona görə də qiyməti "öldürürlər”: "Bakıda qohum-əqrabamız çoxdur, bazardakı qiymətlərdən xəbərim olur. Məsələn, bu il bizim kənddən təxminən manat yarıma alınan gilasın, əriyin, alçanın paytaxtda 5 manata və hətta daha baha satıldığını eşitmişəm. Belə çıxır ki, aradakı alverçilər meyvə ağaclarının ilboyu əziyyətini, nazını çəkən kəndlidən çox qazanır, özü də təkcə bizim yox, həm də şəhərdəki alıcıların hesabına”.
Düz sözə nə deyəsən. Amma bu yerdə bir məsələyə də toxunmaq istərdik. Söhbət kənd və şəhər rayonlarının bələdiyyələrindən gedir. Bu gün hansı bələdiyyə sədrini, yaxud üzvünü dindirsən, maliyyə azlığından gileylənəcək, fəaliyyətlərindəki bütün çatışmazlıqların günahını maliyyə qıtlığının boynuna qoyacaq. Halbuki axtardıqları vəsait, necə deyərlər, ağızlarının içində, gözlərinin önündədir. Götürək kənd yerlərindəki meyvələrin tədarükünü. Bu işin qazanclı olduğunu bilməyən yoxdur. Elə isə niyə kənd bələdiyyələri paytaxtın, digər iri şəhərlərin rayon bələdiyyələri ilə işbirliyi qurub bu gəlirli bazarı adına "alverçi” dediyimiz ara tədarükçülərinin əllərindən almırlar? Şəhərdəki rayon bələdiyyələri bu işbirliyinə can-başla razılaşarlar, çünki onlar da qazanacaqlar. Məhsul əldən-ələ düşüb bahalaşmayacağından qazanan həm də istehlakçılar olacaqlar.Bu təklifi yeri gəlmişkən söylədik, ona əməl olub-olunmayacağı bizlik deyil, ən azından bələdiyyəlikdir. Hələliksə, bu cür təşəbbüslər olmadığı üçün hamı gileylidir - bahalıqdan, o üzdən pulun bərəkətsizliyindən, dəyərini aybaay yox, günbəgün itirdiyindən. Niyə də olmasın?!
Ət, yağ yaxın durulası deyil, kolbasa, sosis od qiymətinə, çay, şirniyyat "ceyran beli”ndə, gilasa, əriyə yalnız baxmaq olur, kartof, soğan da öz əllərində, istəyəndə bahalaşdırır, istəyəndə ucuzlaşdırırlar. Banan nədir ki, onu da inhisara alıblar.
İndi bu sayılmaz tropik meyvənin ən baha satıldığı yer Azərbaycandır. Nəyi deyəsən, hansını yazasan? Sənaye malları, yanacaq ucuzdurmu, xidmət, xüsusən də kommunal tarifləri əhalinin qazancına uyğundurmu? Bir də ki, bu qiymətlər bir-birinə bağlıdırlar axı... Əgər qənd-çay bahalaşırsa, yumurtanın da qiyməti qalxacaq. Çünki şəhərə yumurta satmağa gələn Gülsənəm qarı axşam kəndə dönəndə evinə qənd-çay almalıdır.
Bəla burasındadır ki, sözün həqiqi mənaslnda, dinamik xarakter almış bahalaşma həm yerli, həm də idxal məhsullarını əhatə edir, hər ikisi üzrə də əsassız, səbəbsiz, izahsız! Yerli istehsalçılara dövlətin etdiyi güzəştləri saymaqla qurtaran deyil. Vergilərdən azad edilməkdən tutmuş subsidiyalaracan olan həmin güzəştlərə dünyanın heç bir ölkəsində rast gəlmək mümkün deyil! O üzdən indi bizdə yerli kənd təsərrüfatı məhsullarının qiymətləri hamı - həm istehsalçı, həm də istehlakçı üçün sərfəli olmalı idi.
İdxal məhsullarına gəldikdə, onların da bahalaşması üçün bu gün əsas yoxdur. Dünyada qiymətlərə ən çox təsir edən enerji daşıyıcıları birjalarındakı vəziyyətdir ki, orada da vəziyyət sabitdir.
Neftin qiymətində kəskin bahalaşma, yaxud ucuzlaşma qeydə alınmır. Üstəlik, neçə vaxtdır manatımızın dəyəri dollara-avroya nisbətdə möhkəmdir, ölkədə iqtisadi artım müşahidə olunur, istehsal artır, qıtlıq yoxdur. Deməli, daxili bazarda həm idxal, həm də yerli məhsulların qiymətlərindəki manipulyasiya tam subyektiv səbəblərdən irəli gəlir!
Tək bu kifayətdir ki, əlaqədar qurumlar vaxt itirmədən ölkənin istehlak bazarında təsirli tədbirlər həyata keçirsinlər, artıq ilkin əlamətləri görünən süni qiymət artımının qarşısını alsınlar, özü də qətiyyətlə! (Bakupost.az)