"Müstəqilliyimizin möhkəmləndirilməsi Heydər Əliyevin tarixi missiyası oldu"

6 İyul 2019 13:30 (UTC+04:00)

“Heydər Əliyevin hakimiyyətə gəlməsi daha böyük bir yanaşmanın və missiyanın özünəməxsus ifadəsi idi”.

Bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldikdən sonra sovetlər birliyinə daxil olan ölkələrdə də yeni yanaşmanın həyata keçirilməsinə başladılıb: “O zaman sovetlər birliyində yaranmış ənənəyə görə xüsusi bir partiya elitası formalaşmışdı. Respublikara və bütövlükdə Sovet İttifaqına rəhbərlik missiyası bu elitanın içindən seçilmiş şəxslərə həvalə edilirdi. Digər təbəqələrdən, sahələrdən, o cümlədən bizim hüquq-mühafizə orqanlarından partiya və respublikaya rəhbər vəzifəsinə gətirilməsi praktikası demək olar ki, tətbiq edilmirdi. Heydər Əliyev isə o zaman Sovet Azərbaycanının Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində çalışırdı. Elə məhz 1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gətirilməsi yeni bir praktikanın sınsaqdan keçirilməsi kimi qiymətləndirilə bilər. Bunun müstəsna səbəbi Heydər Əliyevin şəxsi keyfiyyətləri ilə əlaqədar idi. O, Azərbaycana rəhbərlik etmək iqtidarında olmasını əvvəllər çalışdığı işlərdə sübut etmişdi. Bu ciddi addım özünün müsbət nəticəsini verdi. Sonradan bu praktika sovetlər birliyinə daxil olan digər respublikalarda da tətbiq olunmağa başladı. Gürcüstanda daxili işlər naziri vəzifəsində çalışan Eduard Şevarnadze də ölkəsinə rəhbər vəzifəsinə gətirildi”.

“Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi və ölkəmizin çox böyük inkişafa gəlib çatması təkcə həmin dövr üçün xarakterik olan hadisə deyildi. Bu, Azərbaycanın müstəqillik dövründə də özünü göstərdi. Heydər Əliyev Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra bir çox problemlərin həll olunması üçün, Azərbaycanda müstəqil dövlət quruculuğunun uğurla həyata keçirilməsi üçün xalq tərəfindən hakimiyyətə dəvət olundu. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi Heydər Əliyevin yerinə yetirdiyi tarixi missiya oldu. Bununla yanaşı Heydər Əliyevin Azərbaycanda 70-ci illərdə yaratdığı potensial iqtisadiyyatın, milli dövlətçiliyin, həyatımızın bütün sferalarını təşkil edirdi”, - deyə Ə.Əhmədov vurğulayıb. (Report)