Ziyarətgahı kim talayıb: icra başçısı, yoxsa...? - ARAŞDIRMA

7 May 2013 14:05 (UTC+04:00)


Məlum olduğu kimi, aprelin 29-dan 30-a keçən gecə ölkənin ən məşhur ziyarətgahlarından birindən bir aylıq nəzir pulları oğurlanıb. Həzrəti Cərciz Peyğəmbər pirində baş verən oğurluq faktı Beyləqan Rayon Polis Şöbəsində araşdırılır. Lakin faktla bağlı səslənən bəzi fikirlər müxtəlif versiyalara yol açır. Məsələn, Həzrəti Cərciz Peyğəmbər pirinin rəhbəri Hacı Cəfərqulunun və rayon rəhbərliyinin Pirdə yığılan pulların aradan çıxarılmasında əlinin olduğu fikirləri.
Hadisədən sonra işindən azad olunan Hacı Cəfərqulu isə mətbuata açıqlamasında işdən çıxarılmasını öz ərizəsi ilə izah edib və bu məqsədlə rayon rəhbərliyinə müraciət etdiyini də söyləyib.

AzNews.az icra hakimiyyəti ilə dini qurumun idarə olunmasındakı əlaqəni – bu məsələnin necə tənzimləndiyini araşdırmağa çalışıb. Lakin Pir rəhbərinin işdən azad olunmaq üçün siyasi rəhbərliyə müraciətinin səbəbini nə Qafqaz Müsəlmanları İdarəsində, nə də İcra Hakimiyyətində tapıb.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova AzNews.az-a bildirib ki, Pirin rəhbərliyini dəyişmək idarənin səlahiyyətidir və sözügedən şəxsin rayon icra hakimiyyətinə müraciətinin səbəbini onun özündən soruşmaq lazımdır: "Dini İdarənin Təftiş şöbəsi mütəmadi olaraq yoxlamalar aparır. Həmin yoxlamaların nəticəsi olaraq Hacı Cəfərqulu vəzifəsindən azad edilib və artıq onu əvəz edən şəxs var".

Beyləqan rayon icra başçısının 1-ci müavini Telman Məstanov da AzNews.az-a açıqlamasında İcra Hakimiyyətinin Cərciz Peyğəmbər pirinin rəhbərini dəyişmək səlahiyyətinin olmadığını vurğulayıb: "Mən bilmirəm o niyə İcra Hakimiyyətinə müraciət etdiyini söyləyib və ümumiyyətlə, müraciət edibmi? Lakin deyə bilərəm ki, icra başçısının pirin rəhbərini dəyişmək səlahiyyəti yoxdur. Bunun üçün Qafqaz Müsəlmanları İdarəsi var".

Pirdə yığılan pulların aradan çıxarılmasında Hacı Cəfərqulu ilə yanaşı rayon rəhbərliyinin əlinin olduğu söyləntilərinə gəlincə, müavin bunu da təkzib edib: "Boşboğaz adamlar çox söz deyə bilər. Onların dediklərinin heç bir əsası yoxdur. İcra başçısı nəzirlə yığılan pula tamah salacaq adam deyil. Gözünün ucu ilə də baxmaz".

Ruhiyyə
AzNews.az