Mingəçevirdə mal-qara oğrusu saxlanıldı

8 İyul 2019 10:56 (UTC+04:00)

Mingəçevirdə mal-qara oğrusu saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, iyulun 7-də Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edən bir neçə şəhər sakini onlara məxsus iribuynuzlu mal-qaranın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildiriblər.

Daxil olmuş müraciətlər əsasında Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş 23 yaşlı Vüqar Mustafayev saxlanılıb. Ətrafında aparılan araşdırmalarla onun ötən ayın 28-dən iyulun 5-dək olan müddətdə ayrı-ayrı şəxslərə məxsus 3 baş iribuynuzlu mal-qaranı oğurladığı aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

AzNews.az