Daha hansı şəhər və abidələrimiz UNESCO-nun siyahısında yer almalıdır? - Sorğu

8 İyul 2019 15:05 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, dünən Şəki Xan sarayı ilə şəhər mərkəzi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu və Qobustan təsvirləri kimi UNESCO-nun Ümumdunya İrs Siyahısına salınıb.

Bəs görəsən, bu siyahıda daha hansı şəhər və ya abidəmiz yer ala bilər?

Suala cavab tapmaq üçün AzNews.az sorğu keçirib:

Tarixşünas, kolleksiyaçı Ruslan Rəhimov Azərbaycanın müxtəlif rayonlarından olan tarixi məkanların adını qeyd edib:

“Şəkinin Kiş kəndindəki Alban məbədi, Qəbələnin Həzrə kəndinin qədim məzarlığı (Həzrə kəndi həm Qəbələdə, həm də Qusarda var. Mən Qəbələni nəzərdə tuturam), Şamaxının Yeddigünbəz türbələr kompleksi, Bakının Qala kəndi ”.

Filologiya üzrə fəlsəfə doktoru, jurnalist Billurə Aslanqızı da məsələyə münasibət bildirib:

Milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərinin qoruyub saxlanılması və dünyada tanıdılması istiqamətində bu günə qədər böyük nailiyyətlər əldə olunub. Artıq “İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” UNESCO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır. UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında isə Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” də artıq UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi. Xalqımızın mədəni irs tarixində bu, çox önəmli hadisədir. Bu uğurlarda dövlət başçısı cənab İlham Əliyevin məsələ ilə bağlı imzaladığı sərəncamın icrası, eləcə də Azərbaycanın UNESCO ilə əlaqələrinin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolu böyük əhəmiyyətə malikdir. Vətənimiz zəngin və qiymətli tarixə malikdir. Gələcəkdə “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun, Atəşgahın, eləcə də, öz dili, adətləri və abidələri olan Xınalıq kəndinin də bu siyahıya salınmasını çox istərdim.

Araşdırmaçı Dilqəm Əhməd əsasən, Alban məbədlərinin bu siyahıya düşməyə ehtiyacı olduğunu bildirib:

"Azərbaycanda Alban məbədlərinin buna daha çox ehtiyacı var. Bölgələrdə Alban məbədləri məhv olmaq üzrədir. Mən Bideyiz kəndində bir məbəd görmüşdüm, Allahın ümidinə buraxılmışdı".

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, Şəkidə yerləşən abidələrin də bu siyahıya daxil olması mühüm addımdır:

“İlk növbədə qeyd edim ki, dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi və təbliği üçün zəruri olan qurumların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur. Qeyd edim ki, Tarix və mədəniyyət abidələri arxeoloji və memarlıq obyektləri, etnoqrafik, numizmatik, epiqrafik, antropoloji materiallar, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan bina, xatirə yerləri, əşyalar xalqın dini əqidəsi ilə bağlı dəyərlərdir. Abidələr daşınar (səyyar) və daşınmaz (stasionar) ola bilər. Daşınar abidələr muzeylərdə, arxivlərdə, fondlarda, sərgilərdə və digər münasib yerlərdə, daşınmaz abidələr əksər hallarda arxeoloji və memarlıq abidələri olmaqla olduğu və inşa edildiyi yerlərdə qorunur. Amma yerli əhəmiyyətli abidələrlə beynəlxalq səviyyəli abidələr daha çox diqqət mərkəzində olur. Ölkəmizdə dünya əhəmiyyətli abidələr çoxdur. Şəkidə yerləşən abidələrin də bu siyahıya daxil olması mühüm addımdır. Hesab edirəm ki, ölkəmizdəki dünya əhəmiyyətli abidələrin sayı çoxlacaqdır. Çünki Şamaxı şəhərində, Salyan rayonunda, Bərdə şəhərində, Naxçıvan Muxtar respublikasında kifayət qədər nadir tarixi abidələr var. Düşnürəm ki, onlar da UNESCO-nun Ümumdünya irsi siyahısına daxil olunmalıdır”.

Səidə Vahid

AzNews.az