“Rusiyalı turistlər Gürcüstana gəlməlidir”

8 İyul 2019 14:45 (UTC+04:00)

Hələlik Tiflis ilə Moskva arasında gərginliyin növbəti mərhələsi söz atışmaları və turizm sahəsində məhdudiyyətlərlə məhdudlaşırdı. Lakin bəzi gürcülər yüksək rütbəli rusiyalı diplomatın fikirlərini “uğursuz” adlandırdıqdan sonra silahlı münaqişənin mümkünlüyündən narahat olmağa başladılar. Bu fikirləri Gürcüstanın “Eurasianet” nəşrinin əməkdaşı Georgi Lomsadze yazıb.

AzNews.az inosmi.ru-ya istinadən xəbər verir ki, Rusiyalı diplomatın "müharibə"ni xatırlamağı bəlkə də metafora idi, amma gürcülər risk etmək istəmirlər.

Tiflislə Moskva arasında gərginliyin növbəti mərhələsi söz atmacaları ilə davam edib (Moskva Gürcüstanı kobud şəkildə günahlandırır, Tiflis isə Rusiyanı işğalçı adlandırır).

Turizm sahəsindəki məhdudiyyətlər (Kreml Gürcüstana bütün reysləri ləğv edib və ölkəni rus turistləri üçün təhlükəli elan edib) isə pik nöqtəyə çatıb.

"Cenevrə müzakirələri"nin son raundundan sonra Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin "müharibə" sözünü xatırlatdı.

"Ya Cenevrədə yığışaq, ya da Silahlı Qüvvələri gücləndirək və müharibə edək", - deyə o bildirib.

"Karasinin sözləri sadəcə "qara yumor" ola bilər". Bunu "Netqazeti" nəşrinə Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə sabiq naziri Paata Zakareişvili deyib. Amma bəziləri ehtiyat edir ki, Rusiya istəsə, vəziyyəti daha da gərginləşdirmək üçün Gürcüstandakı Rusiya vətəndaşlarına qarşı təxribat təşkil etməklə, bəhanə tapa bilər.

Tiflis xüsusi ehtiyatla hərəkət etməlidir, - deyə "Netqazeti"n şərhçisi Laş Bakradze bildirib.

Bütün bunlar rusiyalı deputat Sergey Qavrilovun Gürcüstan parlamentinin spikerinin kreslosuna əyləşməsindən sonra davam edib.

Karasinin fikrincə, Qavrilova qarşı Tiflisdə "siyasi kobudluq" olub və Kreml cavab olaraq Gürcüstanın çiçəklənən turizm sektoruna qarşı miqyaslı sanksiyalar tətbiq edib.

Tiflis təkrar etməkdən yorulmur ki, Gürcüstanda sadə rusiyalılara heç bir təhlükə yoxdur.

Gürcüstan Prezidenti Salome Zurabişvili Kremlin bu cəhdlərinə baxmayaraq Rusiya sakinlərini yayı Gürcüstanda keçirməyə çağırıb.

"Turistlər gəlməyə davam etməlidirlər, çünki onlar Gürcüstanı sevirlər, siyasətçilər isə bu problemi yaradan məsələləri həll etməlidirlər", — deyə o bildirib.

Gürcüstan prezidentinin bəyanatı Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın sərt reaksiyasına səbəb olub və o, Facebook səhifəsində belə yazıb:

“Rus turistlər doğrudanmı orda olmalıdır? Sheri, bu, şəxsən Sizə lazımdır?".

O, “Sheri” yazmaqla Zurabişvilinin Fransız köklərinə işarə edib. Onun sözlərinə görə, Gürcüstan Prezidentini əsasən iqtisadi nəticələr narahat edir.

"Aydındır ki, indi çox çalışırsınız və bu bəyanatı kalkulyatordan istifadə edərək hazırlamısınız. Ancaq daha da yaxşı çalışmaq lazımdır. Rusiyalı turistlər naminə deyil, - onlar hara getməklərini yaxşı bilirlər, - sizi seçmiş xalqın xətrinə", - deyə RF XİN-in mətbuat katibi əlavə edib.

Amma Gürcüstana səfərə hazırlaşan rusiyalı turistlərin, bəlkə də digər variantları yoxdur. Gürcüstan istiqamətini seçən rusiyalı turistlərə aviaşirkətlər bilet pullarını bir aydan sonra qaytaracaqlar. Bu zaman kəsiyində isə onlar alternativ variant tapa bilməyəcəklər və nəticədə yay tətili bitəcək.

"Gürcülər etiraz edir, ruslar isə buna görə haqq ödəyirlər", — deyə Rusiya müxalifətinin liderlərindən biri Aleksey Navalnı öz videomüraciətində bildirib.

Onun sözlərinə görə, 155 min rusiyalı Gürcüstana səfərini ləğv etməyə məcbur olub.

"Niyə ruslar yenə də buna görə pul itirməlidirlər. Belə hal Misir və Türkiyə ilə də olub” , - Navalnı bildirib.

Görünür, Gürcüstan hökuməti həm Moskvada, həm də Tiflisdə qəzəbi sakitləşdirməyə məcbur olub. Hakim "Gürcü Arzusu" partiyası Qavrilovun səhvən spiker kürsüsünə düşdüyünü bəyan edir.

Qavrilov isə təkid edir ki, Gürcüstan hakimiyyəti onu pravoslav ölkələrinin parlamentarilərinin uğursuz qurultayına sədrlik etməyə dəvət edib. Əvvəllər kommunist kimi tanınan, indi isə bütün dünyada şöhrət tapan Qavrilovun sözlərinə görə, o, spikerin oturacağı əvəzinə, kiçik taburetkada da məmnuniyyətlə oturardı.

Yeri gəlmişkən, görünür, Qavrilov bu il rusiyalı turistlərdən biri kimi Gürcüstana səfər edə bilməyəcək.

"Mən həyat yoldaşım və uşaqlarla birlikdə payızda isti düşəndə Gürcüstanı ziyarət etməyi planlaşdırırdıq", - deyə o, Moskvada jurnalistlərə bildirib.

Amma Gürcüstan hakimiyyəti bəyan edib ki, artıq onu ölkəyə buraxmayacaqlar.

Babək Göyüş

AzNews.az