Putinə qarşı belə nalayiq ifadələrin işlədilməsi yolverilməzdir - Peskov

8 İyul 2019 16:27 (UTC+04:00)

“Gürcüstan televiziyasında Rusiya hakimiyyətinə qarşı nalayiq ifadələrdən istifadə edilməsi yolverilməzdir”.

AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Peskov ölkənin və prezidentin ünvanına səslənən bu cür ifadələrin qəbuledilməz olduğunu vurğulayıb.

"Prezident, baş nazir, parlament üzvləri və parlament spikeri də daxil olmaqla, Gürcüstanın bütün rəhbərliyi bu insidenti qətiyyətlə pisləyib", - deyə o, bildirib.

"Şübhəsiz ki, bu davranış - fərqi yoxdur, bu, Rusiya-Gürcüstan münasibətlərini daha da mürəkkəbləşdirməyə çalışan biri tərəfindən törədilib ya yox, nəticədə qədim tarixi olan gürcü xalqına layiq hərəkət deyil".

Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Gürcüstan son günlər rusofobiyanın bu cür hücumlarından əziyyət çəkir.

Onun sözlərinə görə, "bütün bunlar hökumətin ekstremist əhval-ruhiyyəli kobudları cilovlamaq istəməməsinin nəticəsidir".

Xatırladaq ki, bazar günü Gürcüstanın müxalifətçi "Rustavi-2" telekanalının aparıcısı Rusiya rəhbərliyini danlayıb. Gürcüstan prezidenti Salome Zurabişvili, Baş nazir Mamuka Baxtadze, parlamentin spikeri Arçil Talakvadze, parlamentin sabiq spikeri İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze və sabiq xarici işlər naziri Mixail Canelidze onun fikirlərini qətiyyətlə pisləyiblər.

"Rustavi-2"nin baş direktoru Nika Qvaramiya da Qabuniyanın davranışını tənqid edib. Aparıcının fikirləri çoxlu sayda gürcüstanlı Facebook istifadəçisi tərəfindən mənfi qarşılanıb.

Pərvanə Ağazadə

AzNews.az