Sirus Təbrizli xəyanətkarlardan danışdı

7 May 2013 16:36 (UTC+04:00)
Milli Məclisin 7 may iclasında deputat, xalq artisti Zeynəb Xanlarova Heydər Əliyev haqqında danışarkən, vaxtilə ona qarşı olan adamların indi hakimiyyətdə, Prezident Administrasiyasında əyləşdiklərini deyib, belələrinin birüzlü olmadığını bildirib. Xalq artisti çıxışı zamanı YAP-ın qurucularından Sirus Təbrizlinin də adını dediklərini təsdiqləyən şahid kimi çəkib. Bununla bağlı "haqqın.az" saytı S.Təbrizlini danışdırıb:

- İndi hər yerdə Heydər Əliyevin yubiley tədbirləri keçirilir. Yəqin partiya iclaslarının daimi iştirakçısısız?

- Nə danışırsız? İndicə dənizdən qayıtmışam. Buna qədər Havay adalarında olmuşam, okeanda üzmüşəm. Bu elitada mənə yer yoxdur. Onlar məni görmək istəmir.

- Bu gün həm birinci ledi, həm də Zeynəb Xanlarova hakimiyyətdəki satqınlardan danışıb. Hətta Z.Xanlarova adınızı çəkib, partiya və dövlət qarşısında xidmətlərinizdən danışıb...

- Dünən televizora baxıram. Tarixçi deputat Yaqub Mahmudov Heydər Əliyevin həyatı barədə danışır. Bu həmin Yaqub Mahmudovdur ki, 1991-ci ildə Heydər Əliyeva qarşı müraciət imzalayıb, onu düşmən və sovet dövrünün baş korrupsioneri adlandırıb. İndi nə dəyişib? Bilirsən məni ən çox nə əsəbləşdirir? Nəyə görə parlamentdə Heydər Əliyevə sözün əsl mənasında sui-qəsd hazırlayan adam oturub?

- Kimdi o?

- Fərəc Quliyev - keçmişdə AXC liderlərindən biri. İndi o, Heydərçidir. Nədi, İlham Əliyev bilmirdi ki, o, atasını öldürmək istəyib?

- Elə Mehriban Əliyeva da vaxtilə Heydər Əliyevi satıb indi parlametdə oturanlradan danışıb…

- Bəs necə? Onlar sabah da hakimiyyət bir balaca laxlasa, satacaqlar. Qoy nə istəyirlər etsinlər. Mən bütün işlərdən kənara çəkilmişəm. Artıq deməyə sözüm yoxdur. Bu ölkədə belə hakimiyyət və müxalifət varsa, nə danışasan? İnsanlar isə bütün hisslərini itirib, onlar öz sevinc və kədərlərini ifadə etməyi unudub. Bütün cəmiyyətimizi laqeyidlik bürüyüb.

AzNews.az