Özümə yaraşmayan heç nəyi satışa çıxartmıram - Mimi "30 altı" layihəsində

9 İyul 2019 15:16 (UTC+04:00)

AzNews.az-ın "30 altı" layihəsinin bu həftəki müsahibi öz şəxsi biznesini quran və məşhurlaşan Şəfəq Məmmədovadır.

"Elşad Yəhyayev adına liseyi bitirib, BDU-nun fizika fakültəsinə daxil olmuşam. Eyni zamanda 7 illik Fikrət Əmirov adına musiqi məktəbinin fortepiano bölməsini bitirmişəm. Daha sonra magistratura təhsilimi Azərbaycan Dövlət İqtisad Universitetində davam etmişəm. Şanslı doğulmuşam ki, anam rəssam-heykəltəraşdır. Deyəsən, mən də “qanımda var” deyiminə inananlardanam. Əl qabiliyyətimin olması anamdan keçib".

- Necə oldu ki, bu işlə məşğul olmaq qərarına gəldiniz? Neçə ildir aksesuarlar hazırlayırsınız?

- Bunu bir neçə müsahibəmdə, həmçinin Gənclər Fondunun təşkil etdiyi Qadın forumunda da qeyd eləmişdim (əsla çəkinmədən). Bu işə maddi ehtiyacdan və o yaşıma görə özüm öz ayağım üstündə necə dura bilərəm düşünərək, xırda zəncirləri öz alnıma taxıb aksesuar edərək, 10 günə 1 sifariş hazırlaya-hazırlaya başlamışam. 2014-cü ildə siz heç bir xanıma başa sala bilməzdiniz ki, "vallah gündəlik də aksesuar istifadə etmək olar, heç kəs sizə gülməz". Ancaq deyəsən, biz bunu bacardıq. Maddi köməkdən öncə, mən hər zaman bəzək-düzək, aksesuar və fərqliliyi sevmişəm. Bu işə sevgim maddiyyat tərəfini geridə qoydu. Zamanla hiss elədim ki, ölkənin ən böyük iki universitetinin əlimdə olan diplomundan daha çox məşğul olduğum bu işlə qürur duyuram.

- Nəyə görə “Mimi”?

- Mimi mənəm. Uzun illər öncə mənim üçün çox dəyərli olan biri mənə “Mimi” dedi. “Balaca qara kəpənək”. Sonra ətrafımdakı hər kəs onun dili ilə mənə “Mimi” deməyə başladı. İş o vəziyyətə gəlmişdi ki, adım mənə yad gəlirdi. Siz olsaydınız, mağaza açanda nə adı qoyardınız? Ağlınıza əlavə variant gələrdi? Məndə də gəlmədi və “MİMİ” qoydum.

- Biznesdə uğur qazanmaq üçün yaxşı iş ortaya qoymaq əsasdır, yoxsa yaxşı PR aparmaq?

- Keyfiyyətsiz işin piyarı mənasızdır. Çünki çox effektiv olmur və zaman-zaman reklamınız anti-reklama çevrilir. Mən öz üzərimdə reklamdan başladım. İlk mən oldum, deyəsən, öz üzərində təqdimatdan utanmadan “Baxın, mən özüm istifadə edə bilirəm, mənə belə yaraşır, sizə də yaraşacaq” deyib yola çıxdım. Ancaq desəm ki, bütün uğurumu buna borcluyam, o zaman mənə dəstək olan dostlarıma haqsızlıq etmiş olaram. Siz buna “şans” deyin, mən “əziyyətimin bəhrəsi”. Mən doğru yolda addımladım və bu addımları atarkən yanımda doğru insanlar oldu. Mən yorulduğumda, onlar mənim əvəzimə məni təqdim etdilər.

- Sizin idealarınızı “oğurlayanlar” olurmu? Olursa, necə reaksiya verirsiniz?

- Bəli çox təəssüf ki, olur və reaksiyalarım müxtəlif olur. Çox əsəbləşirəm, amma hərdən özümlə qürur duyuram. Həqiqətən 1 nömrə olmaq qürurvericidir. Bunu lovğalıq kimi qəbul etməyin .

- Bu, elə bir işdir ki, bol idea tələb edir. “İlham pəri”niz nədir? Nədən ilhamlanıb yeni, müxtəlif aksesuarlar hazırlayırsınız?

- Bir qadının Azərbaycan reallığında öz hesabına nailiyyət qazanmağı çox çətindir. İlham pərim özüməm. Güzgüyə, işimə baxdıqca həvəslənirəm. Daha əlası, daha yaxşısı, daha çətini, daha mürəkkəbi də mümkündür. Son zamanlar hər şeyi “mən daha əlasını hazırlayaram” deyib edirəm. Bir də çox qəribədir ki, özümə yaraşmayan heç nəyi satışa çıxarmıram. “Əvvəl özüm bəyənim, sonra kiməsə məsləhət görüm” - iş prinsipim budur.

- Məşhurlardan (yerli və xarici) kimlər sizə müraciət edir?

- Demək olar, bütün sosial şəbəkə və televiziya tanınmışları bizə müraciət edir. Xarici ölkələrə ay ərzində 10-dan çox çatdırılma edirik. Bu, sevindirici haldır.

- Komandanız var, yoxsa tək özünüz işləyirsiniz?

- “Mimi” aksesuarda mənimlə birgə çalışan, aksesuarları bitirdikdən sonra onu tamamlayan, səliqəyə salan, parıltısını, içərisinin hamarlığını bərpa edən, satış və gələn müştərilərlə maraqlanan, çatdırma xidməti ilə məşğul olan xanımlar var. Həmçinin “MimiCake” komandam da var.

- Həm də “MimiCake”lə də tanınırsınız?

- Bəli. Mən həm də “MimiCake”-əm. Bu komandam daha fərqlidir. Anam, 10 illik ən yaxın rəfiqəm və çatdırma xidməti edən əməkdaşımız. Əksər tortların üzərinin bəzəyi mənə aid olur. Ancaq son zamanlar işlərin çoxluğu ilə əlaqədar, doğma komandam o qədər peşəkar hazırlayır ki, mənə ehtiyac qalmır. Vizual görüntü əsasdır. Hazırki dövrümüzdə ilk olaraq göz oxşamalısan. Ancaq tort kəsildikdə “bəh bəh bəh” deyilməsi bizə 2 qat qürur hissi yaşadır.

- Gələcəklə bağlı planlarınız nələrdir? Bizi hansı yeniliklər gözləyir?

- Gələcəklə bağlı planlarım çoxdur. Əgər gün 24 yox, 34 saat olsa, hər birini reallaşdıracam. Mənim tək problemim vaxtdır. Yeniliklər mənim üçün sonsuz və limitsiz bir anlayışdır. Hər an gözlənilmədən yeni nəsə bir şey edə bilərəm.

- Bunu hər kəs bacarar?

- Bəli. Səhər saatlarından işə girib, gecə gec saatlara kimi işləməyi gəzinti və əyləncədən üstün tuta bilən hər kəs bacarar. İşindən başqa heç nəyə pul xərcləməyən hər kəs daha çox qazanar. Siz buna şans deyirsiniz deyə çəkəcəm bu misalı. Əgər şans deyilən bir şey varsa, sizi əmin edirəm ki, bu, insana bir dəfə verilir. Gözü açıq olun və sizə verilən o şansdan bərk yapışın. Möcüzələrə inanın. Mənə alınmayacaq deyilən hər şey məndə alındı. Sizdə də alınacaq.

Səidə Vahid

AzNews.az