“Heydər Əliyevə sui-qəsd hazırlamamışam” - ETIRAZ

7 May 2013 17:15 (UTC+04:00)

"Mən o vaxtı sui-qəsd ittihamı ilə deyil, qanunsuz silahlı dəstə yaratmaq ittihamı ilə həbs edilmişəm. Sirus Təbrizlinin mənim haqqımda dediyi sözlər uydurmadır və yanlış söhbətlərdir. Mən Heydər Əliyevə sui-qəsd etməmişəm".

Bu sözləri AZNEWS.AZ-a açıqlamasında deputat, Milli Dövlətçilik Partiyasının sədri Fərəc Quliyev deyib. O, Sirus Təbrizlinin mətbuata verdiyi müsahibəsində onun ünvanına səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Qeyd edək ki, Sirus Təbrizli müsahibəsində Fərəc Quliyevi Heydər Əliyevə sui-qəsd təşkil etməkdə günahlandırıb: "Nəyə görə parlamentdə Heydər Əliyevə sözün əsl mənasında sui-qəsd hazırlayan adam oturub?"

F.Quliyev deyib ki, o, Sirus Təbrizlinin hər sözünə cavab vermək məcburiyyətində deyil, buna görə də bu əsassız ittihama da cavab verməyəcək. Deputat onu da bildirib ki, o, hər zaman hakimiyyətə müxalif olub, indi də müxalifdir: "Parlamentdə müxalifət də olmalıdır, mən də seçilib, parlamentdə təmsil olunmaq haqqı qazanmışam".

Onu da bildirək ki, bu gün Milli Məclisin iclasında ölkənin birinci xanımı Mehriban Əliyeva, həm də Zeynəb Xanlarova parlamentdə vaxtilə Heydər Əliyevə qarşı çıxan adamların oturduğunu deyiblər.

Anar
AzNews.az