Britaniya İraq və Əfqanıstanın qədim artefaktlarını geri qaytaracaq

9 İyul 2019 17:41 (UTC+04:00)

Dünyanın ən zəngin eksponatlarının nümayiş olunduğu “British Museum” bəyan edib ki, İraq və Əfqanıstandan gətirilmiş qədim artefaktlar bu ölkələrə geri qaytarılacaq. Londonda yerləşən bu muzeyin rəhbərliyi əlavə edib ki, son illər baş verən silahlı münaqişələr zamanı qanunsuz yollarla İngiltərəyə gətirilən və müsadirə edilərək muzeyə təhvil verilən mədəniyyət nümunələrinin təhvili məqsədilə hüquq-mühafizə orqanları və Birləşmiş Krallığın Sərhəd Xidməti ilə danışıqlar aparılır.

Muzeyin direktoru Hortviq Fişer qiymətli artefaktlar arasında Böyük Britaniyaya 2002-ci ildə qeyri-leqal gətirilmiş Qəndəhar heykəllərinin olduğunu da bildirib. Bundan başqa, 2011-ci ildə Londonda qaçaqmalçılardan müsadirə olunmuş bəşəriyyətin ilk yazılı abidələrindən olan gildən mixi əlifba ilə yazılmış Mesopotamiya kitabələri də muzeyə təhvil verilib. Bu qiymətli mədəniyyət inciləri İraqa qaytarılacaq. Onlar eramızdan əvvəl VI-IV əsrlərə aiddir.

Fişer əlavə edib: “Bu unikal artefaktları münaqişə zonalarından qanunsuz gətiriblər və biz onların qorunub saxlanılması, sahiblərinə qaytarılması üçün hüquq-mühafizə orqanları ilə birlikdə gərgin iş aparmışıq. Onlar Bağdad Muzeyinə və İraqın Antikvarlar və Mədəni İrs Şurasına təhvil veriləcək”.

BBC-nin xəbərində qeyd olunur ki, Qəndəhar heykəlləri Pakistandan Londona gətirilərkən Heatrow aeroportunda gömrük əməkdaşları tərəfindən müsadirə edilib. Heykəllərin möhtəşəm bodhisattva (buddaya bənzəyən) gövdəsi başlarından ayrı qoyularaq rənglənib və qaçaqmalçılar onları gömrük nəzarətindən yayındırmaq istəyiblər. Fişer bildirib ki, “British Museum” onların geri qaytarılması proseduru başa çatanadək Londonda nümayiş etdirilməsi üçün Əfqanıstan Milli Muzeyindən icazə almağı da nəzərdə tutur.

Bundan başqa, “British Museum” qanunsuz yollarla Londona gətirilmiş əntiq əşyaların və artefaktların müəyyən edilməsi məqsədilə Misir və Sudan hökumətləri ilə də əməkdaşlıq edir. Bildirilir ki, son bir ildə bu iki ölkəyə aid 700 artefakt aşkar olunub.(AZƏRTAC)

AzNews.az