“Yevgeni Onegin” romanının ilk nəşri 580 min dollara satıldı - London hərracında

10 İyul 2019 06:55 (UTC+04:00)

Aleksandr Puşkinin “Yevgeni Onegin” romanının ilk nəşri “Сhristie's” hərrac evinin Londonda keçirdiyi auksionda 467,3 min funt sterlinqə (580 min dollara) satılıb.

“TASS” agentliyinə istinadən xəbər verilir ki, satış evi iyulun 9-da keçirilən “Rus ədəbiyyatının qızıl əsəri” hərracında ümumilikdə 2,27 milyon funt sterlinq gəlir əldə edildiyini bildirib.

1825-ci ildə Sankt-Peterburqun Xalq Maarifi Departamenti tərəfindən çap olunan roman ilkin qiymətindən üç dəfə baha satılıb.

Nikolay Qoqolun “Dikanka yaxınlığında xutor axşamları” iki cildlik kitabının 1831-1832-ci illərdə çap olunmuş nadir nəşrinin satış qiyməti isə ilkin qiymətini iki dəfə üstələyib.

Londonda keçirilən hərraca ümumilikdə Avropada şəxsi kolleksiyalarda saxlanan 120 nadir çap nümunəsi, o cümlədən Mixail Lermontov, Fyodor Dostoyevski, Lev Tolstoy və digər müəlliflərin əsərləri çıxarılıb. (APA)