Hər il dünyada 270000-dən çox insan ölür

7 May 2013 19:20 (UTC+04:00)
Hər il yol-nəqliyyat qəzaları nəticəsində 270000-dən çox piyada həyatını itirir.


BMT-nin Azərbaycandakı Nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurum bununla mübarizə çərçivəsində "Hərəkətin Təhlükəsizliyini Qoruyun" şüarı altında BMT-nin İkinci Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsinə (6-12 may) start verir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına əsasən, nəqliyyatın hərəkəti ilə bağlı 1,24 milyon ölüm hallarının 22 faizini piyadaların vurulması təşkil edir. Bu səbəbdən də ÜST piyadaların təhlükəsizliyini gücləndirmək məqsədi ilə hökumətləri konkret tədbirlər görməyə çağırıb. Təqribən 70 ölkədə qeydə alınan hadisələri əsas tutaraq, həftə əsas diqqəti piyadaların ehtiyaclarına yönəltməyə, onların qorunması üçün tədbirlər planı işləyib hazırlamağa və 5 milyon insan həyatını xilas etmək üçün Yol Hərəkəti Təhlükəsizliyi ilə bağlı Tədbirlərin Həyata Keçirilməsi Onilliyinin (2011-2020) məqsədinə nail olunmasında qüvvəsini əsirgəməməyə çalışacaq.

Məlumatda o da qeyd olunub ki, piyadalar təhlükələrə daha çox məruz qalan yol istifadəçiləridir. Araşdırmalar göstərir ki, inkişaf etmiş ölkələrdə yaşlı piyadalar riskə daha çox məruz qalır, az və orta gəlir səviyyəsinə malik ölkələrdə isə uşaqlar və gənclər daha çox zərər çəkirlər.

Digər yol istifadəçilərinin günahı üzündən vurulub öldürülmüş piyadaların faiz nisbəti Afrika ölkələrində ən yüksək (38%) və Cənub-Şərqi Asiya regionunda ən aşağı (12%) həddi təşkil edir. Bəzi ölkələrdə piyadaların ölüm faizi yol nəqliyyat hadisələri ilə bağlı ölüm hallarının təqribən üçdə iki hissəsinə çatmaq üzrədir.

Bütün dünyada yollarda hər həftə 5000-dən çox piyada vurulub öldürülür. Buna səbəb, əksər hallarda avtonəqliyyatın xeyrinə, onların ehtiyaclarına on illər ərzində etinasız yanaşılması olub. Dünya üzrə ölüm hallarının səkkizinci başlıca səbəbini və 15-29 yaşlı gənclər arasında ölüm hallarının başlıca səbəbini yol hərəkəti ilə bağlı xəsarətlər təşkil edir.

AzNews.az