Tramp "Twitter"də daha heç kimi bloklaya bilməyəcək

10 İyul 2019 01:03 (UTC+04:00)

Nyu-York Apellyasiya məhkəməsi prezident Donald Trampın şəxsi "Twitter" səhifəsində öz ünvanına yazılan tənqidi sözlərə görə istifadəçiləri əngəlləməsinə qadağanı təmin edib.

Bu barədə “Fortune” nəşri yazıb.

Ötən ilin may ayında Nyu-Yorkun Manhetten rayonunun federal məhkəməsi bildirib ki, Donald Tramp öz "Twitter" səhifəsində bəzi istifadəçiləri əngəlləməklə söz azadlığını pozur və həmin istifadəçilərə yenidən səhifəyə daxil olmaq imkanının verilməsini tələb edib. Həmin vaxt hakim öz açıqlamasında Trampın bu addımı ilə söz azadlığına zəmanət verən ABŞ Konstitusiyasının birinci düzəlişinin pozulduğunu bildirib.

Ancaq sonradan ABŞ Ədliyyə Nazirliyi hakimin qərarına etiraz olaraq Nyu-York məhkəməsinə müraciət etmişdi.

“Birinci düzəliş sosial şəbəkədən istifadə edən ictimai vəzifəli şəxsə öz maraqlarına uyğun olaraq insanların bir qrupunu onlayn-dialoqdan məhrum etməyə icazə vermir”, - Nyu-York məhkəməsinin qərarında belə deyilir.

Qeyd edək ki, 2017-ci ildə Trampa qarşı məhkəmə iddiası ilə "Twitter" səhifəsində əngəllənmiş yeddi istifadəçi çıxış etmişdi. (APA)