Əqli Mülkiyyət Agentliyi ötən ili mənfəətlə başa vurdu

10 İyul 2019 10:42 (UTC+04:00)

Əqli Mülkiyyət Agentliyinin (COPAT) aktivləri bu il yanvarın 1-nə 8,66 milyon manat təşkil edib.

Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,8 dəfə çoxdur.

Hesabat dövründə COPAT-ın cəmi öhdəlikləri 13,6% artaraq 611 min manata, cəmi kapitalı isə 6,3 dəfə artaraq 8,049 milyon manata, o cümlədən nizamnamə kapitalı 5 dəfə artaraq 5 milyon manata çatıb.

2018-ci ildə COPAT 1,436 milyon manat gəlir əldə edib ki, bu da 2017-ci ilə nisbətən 60,3% çoxdur. İl ərzində Agentliyin qeyri-birja əməliyyatlarından gəliri 13,2% artaraq 910 min manata, birja əməliyyatlarından gəliri 5,5 dəfə artaraq 509 min manata çatıb, eləcə də 17 min manatlıq sair əməliyyat gəliri olub.

Ötən il COPAT-ın xərcləri isə 1,41 milyon manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 51% çoxdur. İl ərzində Agentliyin əmək haqqı və dövlət sosial sığorta ayırmaları üzrə xərcləri 14,35% artaraq 773 min manata, sərf edilmiş materiallar üzrə xərcləri təxminən 47% artaraq 47 min manata, sair əməliyyat xərcləri isə 39,3 dəfə artaraq 590 min manata çatıb.

Son nəticədə COPAT 2018-ci ili 26 min manat mənfəətlə başa vurub. Halbuki, qurum 2017-ci ildən 38 min manat zərərlə çıxmışdı.(report.az)

AzNews.az