Azərbaycan Ordusunun döyüş hazırlığı Ermənistan ordusundan qat-qat üstündür - MN

10 İyul 2019 12:54 (UTC+04:00)

"Bu gün Azərbaycan Ordusu dövlət müstəqilliyini, ölkəmizin hüdudlarını, ərazisini qoruya bilən qüdrətli bir orduya çevrilib".

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd olunub ki, hazırda Azərbaycan Ordusunun təlim mərkəzlərində dünyanın ən qabaqcıl, müasir ordularının döyüş və mənəvi-psixoloji hazırlıq üsullarından istifadə edilir.

"Bu istiqamətdə bir çox böyük dövlətlərin Azərbaycanla hərbi əməkdaşlıq sahəsində imzaladığı müqavilələr xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Ordusu NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində təşkil olunan bütün tədbirlərdə, təlimlərdə fəal iştirak edərək, dünya dövlətlərinin ordu quruculuğu sahəsində qabaqcıl təcrübələrə yiyələnir. Məhz 2016-cı ilin aprelində Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və 2018-ci ilin mayında Naxçıvanda həyata keçirilən əks-həmlə əməliyyatlarında qazanılan uğurlar Ali Baş Komandanın diqqət və qayğısı ilə orduda həyata keçirilən kompleks islahatlar nəticəsində mümkün olub. Hər iki tarixi məqam Azərbaycan Ordusunun döyüş hazırlığı, ruh yüksəkliyi, mənəvi-psixoloji durumu və peşəkarlıq baxımından Ermənistan ordusundan qat-qat üstün olduğunu əyani şəkildə sübut etdi".

AzNews.az