Turistlər bütün dünyada qiymətlərin artmasından şikayətlənirlər

10 İyul 2019 13:25 (UTC+04:00)

“Transwise” maliyyə şirkətinin analitikləri bu qənaətə gəliblər ki, turistlər arasında populyar olan 100-dən çox ölkədə turistlərin xərcləri qiymətlər artıb.

Araşdırmanın nəticələri Almaniyanın “FVW” nəşrində dərc edilib.

Mütəxəssislər dünyanın 139 ölkəsində avropalı səyahətçilərin xərclərini keçənilki göstəricilərlə müqayisə ediblər. Nəticə heç də təsəlliverici olmayıb. Dövlətlərin əksəriyyətində turistlərin xərcləri artıb. Bu artım həm valyuta məzənnələrinin dəyişməsi, həm də inflyasiya ilə bağlıdır.

139 ölkədən 105-də səyahətçilər daha çox pul xərcləməyə başlayıblar. Yalnız 34 ölkədə qiymətlərin azalması qeydə alınıb.

Ən çox artım Misirdə müşayiət olunur. Son bir ildə buraya gələn turistlər 26,8 faiz çox xərcləməli olur. Meksikada 11,4 faiz. Kubada 10,4 faiz, Filippində 8,8 faiz, Tailandda 7 faiz, Yaponiyada və Braziliyada 6,5 faiz, ABŞ-da 6 faiz, Bolqarıstanda 3,5 faiz, Macarıstanda 2,9 faiz, Polşada 2,6 faiz qiymət artımı qeydə alınıb.

“Transwise” şirkətinin hesablamalarına görə, Rusiyaya səyahət 4,2 faiz bahalaşıb. Eyni zamanda, bəzi ölkələrdə istirahət xərcləri azalıb. Argentinada bu göstərici 8,8 faiz, İslandiyada 8,4 faiz, Avstraliyada 3,4 faiz, Türkiyədə 2,1 faiz həddindədir.

“Lonely Planet” resursu bu il yay fəslində ailəvi səyahət üçün ən münasib istiqamətləri müəyyən edib. “Şəhər istirahəti” kateqoriyasında Mərakeşin qərbində yerləşən Mərrakeş şəhəri liderdir. Qədim və müasir memarlıq nümunələrinin uğurla birləşdiyi bu şəhərin otellərində istirahət günlərində qalmaq üçün ən ucuz ailəvi nömrələrin qiyməti 266 avroya bərabərdir. Nahar üçün orta hesabla 2,24 avro, yerli nəqliyyatda gediş haqqı kimi isə 0,37 avro ödəmək lazım gələcək.

İstanbul və Afina şəhərləri də turistlərin büdcəsinə münasib şəhərlər siyahısına düşüb. Çimərlik istiqamətləri arasında qiymətin və keyfiyyətin ən yaxşı nisbəti baxımından ilk beşliyə Dubay, Antalya, Türkiyənin Marmaris kurortu, habelə Yunanıstanın Krit və Rodos adaları daxildir.(AZƏRTAC)

AzNews.az